Yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən reydlər davam etdirilir.

İdarədən BAKU.WS-ə daxil olan məlumata görə, respublika ərazisində keçirilən reydlər zamanı ötən gün ərzində 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkar edilib.
 
Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində son 2 gün ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.
 
BAKU.WS