Günorta saatlarında Bakıda hərəkətin intensiv olduğu yolda avtomobil yanıb. Bahalı avtomobilin mühərrik hissəsindən başlayan alovun miqyası tez bir zamanda genişlənib. Hadisə yerinə yanğınsöndürən maşınlar gələnə kimi avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, hərəkətdə olan avtomobildə nasazlıq hiss edən sürücü, nəqliyyat vasitəsini dərhal yolun kənarına çəkib. Sürücü avtomobildən enən kimi mühərrik hissəsində yanğın başlayıb. Az keçməmiş alovun miqyası böyüyüb. Görüntülər hərəkətin intensiv olduğu, paytaxtın Sabunçu rayonunda - Sabunçu körpüsünün üzərində hadisə şahidləri tərəfindən lentə alınıb.

Vətəndaşa məxsus cip tipli minik avtomobilindəki yanğını görən sürücülər hər an partlayış baş verər deyə ərazidən uzaqlaşırlar.

Qısa zamanda alov bütün maşını bürüyüb. Bu səbəbdən də alova müdaxilə etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı sürücü avtomobildə tək olub və o, xəsarət almayıb.

Yol kənarında dayanmış digər avtomobillər də hadisə vaxtı yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsinə gəlincə isə, bu, aparılan araşdırmadan sonra məlum olacaq.
 
BAKU.WS