VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Göygöl Rayon Prokurorluğunun bu gün yaydığı məlumatı araşdırmışam. Orada heç bir problem yoxdur. Cüdoçular qaçıb, soyuq su içiblər, özlərini pis hiss ediblər. Təcili yardım maşını gəlib onları aparıb. Yarım saata-bir saata qayıdıblar. Hazırda həmin cüdoçular məşqlərini davam etdirirlər”.

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev deyib.

Göygöl Rayon Prokurorluğu bu gün məlumat yayaraq Göygöl Olimpiya İdman Kompleksində 15 gənc cüdoçunun zəhərlənməsi barədə məlumat yayıb. Lakin olimpiya və dünya mükafatçısı olmuş Mövlud Mirəliyev yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Orada yeməklə bağlı heç bir zəhərlənmə olmayıb. Prokurorluq niyəsə belə yayıb. Bura dağ yeridir, qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər. Prokurorluq gəlib idmançılardan nümunələr götürüb.

Bir də Prokurorluğun yaydığı kimi idmançıların sayı 15 olmayıb, 12-13 olub. Onlar təxmini yazıb. Prokurorluq niyə belə yayıb, başa düşmürəm. Zəhərlənən idmançılar uzağı bir saata bazaya qayıtmazdılar. Dediyim kimi, həmin idmançılar bu gündən etibarən məşqlərə başlayıb.

Bir də bu cüdoçular gənclər deyil, yeniyetmələrdir. Onlar mayda keçiriləcək Respublika birinciliyinə hazırlaşmaq məqsədilə Göygöldə təlim-məşq toplanışındadırlar”.

***09.36

Göygöldə 15 idmançı qidadan zəhərlənib.

Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət etmiş, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilmişdir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS