SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda 1982-ci il təvəllüdlü Rahib keçmiş arvadı, 1985-ci il təvəllüdlü Samirəni döyüb, sonra da təcavüz edib.

BAKU.WS “demokrat.az”a istinadən xəbər verir ki, Rahib Samirəni bacısı Sevda ilə birlikdə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində Şəmi adlı şəxsin idarə etdiyi “Mercedes Benz 260” markalı taksidə sərnişin qismində gedərkən görüb.

Kəndin ara yolundan mərkəzi küçədəki asfalt yola çıxarkən yolun nahamarlığı ilə əlaqədar maşının yavaşımasından istifadə edən Rahib avtomobilin arxa sol qapısını açaraq Samirəni zorla düşürüb. O, Samirəyə yumruq və təpik vurub. Taksi sürücüsü maşından düşərək mane olmaq istəyib. Rahib ona işlərinə qarışmamasını söyləyib.

Daha sonra Rahib cinsi ehtirasını təmin etmək məqsədi ilə Samirəni döyərək müqavimətini qırıb. O, Samirənin saçından tutaraq yumruq və təpiklə bədəninə çoxsaylı zərbələr vurub. Samirənin əynində olan şalvarı, koftanı, jileti soyundurub. Onu lüt vəziyyətdə Aşağı Kəsəmən kəndinin ara yolunda, küçədə olan dəmir hörmə çəpərlə əhatələnmiş bağ sahəsinə salıb.

Daha sonra Rahibin özü də soyunub və Samirə ilə cinsi əlaqədə olmağa başlayıb. Bu vaxt Sevda onun bu hərəkətlərinə mane olmağa çalışıb. Rahib Sevdaya:

“Səni Samirənin yerinə zorlayacam”, - deyib. Bundan qorxan Sevda oradan uzaqlaşıb. Amma Rahib niyyətini başa çatdıra bilməyib, çünki hadisə yerinə gələn zərərçəkmişin qardaşı Sadiq ona mane olub.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yaşayıb:

“Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Fəhləliklə məşğul olmuşam. Samirəni 2000-ci ildən etibarən tanımışam.

Onunla 2012-ci ildən 2014-cü ilədək qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşam. Birlikdə yaşamışıq. Lakin sonradan münasibətlərimiz pozulduğuna görə dava-dalaş oldu və ayrıldıq. Samirə ilə olan davalarımıza görə ümumilikə üç dəfə məhkum olunmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 2019-cu ilin yanvarında azadlığa buraxılıb:

“Hadisə günü Aşağı Kəsəmən kənd ərazisində olmuşam. Həmin gün axşam saat 21 radələrində Aşağı Kəsəmən kəndində bibim Gövhərgilə gedərkən yolda tünd rəngli, nömrəsini xatırlamadığım, “çeşka” kimi tanınan “Mercedes-Benz” markalı maşın dayandı.

Həmin maşının içərisinə baxdıqda arxa oturacaqda sağ tərəfdə Sevda, sol tərəfdə isə Samirənin oturduğunu gördüm. Həmin vaxt qarşıdan başqa maşın gəldi. Samirəgilin olduğu maşın qarşıdan gələn maşının keçməsini gözlədiyi üçün maşına yaxınlaşdım, arxa sol tərəfdə Samirənin oturduğu hissədən qapını açdım. Samirəyə maşından düşməsini dedim. Samirə maşından düşmədi, qışqırmağa başladı. Bu zaman içkili idim deyə əsəbləşdim. Samirənin saçından tutaraq çölə çıxartdım və döyməyə başladım”.

Rahibin ifadəsinə görə, bu zaman maşının sürücüsü maşından düşüb və nə baş verdiyini soruşub:

“Həmin adama Samirənin həyat yoldaşı olduğumu, haraya getdiyini soruşduğumu dedim. Bunu dedikdən sonra həmin adam maşını oradaca qoyaraq piyada harayasa getdi. Həmin vaxta qədər Sevda da getdi. Bundan sonra Samirəni döyməyə davam etdim.

Təxminən bir neçə dəqiqə sonra Samirənin anası və bacısının birlikdə gəldiklərini gördüm. Bu zaman Samirəni döyməkdən əl çəkdim.

Sonra evimizə getdim. Evimizə qayıdarkən qonşuluqda yaşayan Rəhimi də gördüm. Evdən balıq tutmaq üçün qarmaq götürərək piyada Kür çayının kənarına gəldim. Ondan sonra polislərin məni axtara biləcəklərindən ehtiyat etdim, evə gəlmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün çimmək və dincəlmək üçün evə gəlib:

“Günortadan sonra qapını polislər döydülər. Polislərin məni aparmağa gəldiklərini düşündüm. Evin arxa tərəfindən bağ yolu ilə qaçmağa çalışdım. Lakin polislər məni tutaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, hadisə baş verən gün, axşam saat 21 radələrində bacısı Sevda ilə birlikdə Poylu kəndinə, digər bacısıgilə gediblər:

“Buna görə böyük bacım Sevda taksi sifariş etmişdi. Axşam saat 21 radələrində köhnə model taksi gəldi. Həmin taksinin sürücüsünü qaranlıq olduğu üçün aydın görmədim. Sevda ilə birlikdə maşında oturduq.

Sürücü tərəfdə arxada oturdum. Kənddən çıxarkən çınqıl yoldan asfalt yola keçən hissədə maşın yavaşıdı. Həmin vaxtı Rahib maşının arxa sol tərəfdə, mən əyləşən hissədən qapısını açdı. Məni maşından zorla saçımdan tutaraq düşürtdü. Maşından düşürtdükdən sonra məni döyməyə başladı.

Rahib məni döyə-döyə “Mən səni güdürdüm, yaxşı keçdin əlimə, səni zorlayıb, başına oyun açacam”, - dedi. Rahibə məni buraxmasını dedim. Lakin Rahib məni dinləmədi, döyməyə davam etdi. Döyə-döyə üstümdəki paltarları cırmağa başladı”.

“Rahib məni döyərək təmiz lüt vəziyyətə saldıqdan sonra sürüyərək yaxınlıqdakı əkin sahəsinə apardı. Bu zaman oradakı dəmir setka çəpərdən tutdum. Lakin Rahib məni vuraraq əlimi setkadan buraxdırdı.

Rahib məni arxası üstə yerə uzatdı, özü də şalvarını və alt paltarını çıxardı. Mənim üzərimə uzandı. Rahib məni zorlamaq istəyirdi. Ona müqavimət göstərdim”, - qadın əlavə edib.

Zərərçəkmiş şəxs deyib ki, bu zaman uzaqdan qardaşının səsini eşidib:

“Qışqırdığıma görə qardaşım mənim olduğum yeri dəqiq bildi və bizə doğru gəldi. Həmin vaxtı Rahib üstümdən qalxdı, qardaşıma doğru getdi.

Qardaşımla tutaşdı. Mən də həmin vaxt lüt vəziyyətdə qaçaraq qonşuluqda olan Zəminə xalagilə getdim. Orada üzərimə köynək və ətək geyindim.

Sonra anam, bacım, əmimin yoldaşı gəldilər. Məni oradan öz evimizə gətirdilər. Daha sonra polisə bu barədə məlumat verdik”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Rahib beş il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS