VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2020-ci ilin noyabrında Bərdədə 2 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən qəzanı törətmiş Rövşən Rəhimlinin məhkəməsi başa çatıb.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmədə 1986-cı il təvəllüdlü Rövşən Rəhimli Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, o, hadisə zamanı sərxoş halda olub və dostuna məxsus avtomobili etibarnaməsi olmadan sürüb. Ekspertiza R.Rəhimlinin hadisə zamanı kənd ərazisində avtomobili saatda 150 kilometr sürətlə idarə etdiyinə dair rəy verib.

Məhkəmədə ifadə verən R.Rəhimli hadisədən əvvəl Tərtərin Sarıcalı kəndində yas məclisində olduğunu bildirib: “Yasda olarkən dostum Samir zəng etdi və çəkmə arağının olduğunu bildirdi. Oradan Tərtərdəki kafeyə gedib yeyib-içdik, hərəyə təxminən 250 qram spirtli içki qəbul etdik”.

Gəncə Ağır Cinayətlər Məhkəməsi bir neçə gün əvvəl R.Rəhimliyə hökm oxuyub. Ona 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 21-də saat 20 radələrində Bərdənin Zümürxan kəndində Rövşən Rəhimlinin idarə etdiyi “VAZ 2107” və Ədalət Camalovun sürdüyü “Vaz 21011” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 21011”də yanğın olub. Nəticədə Ə.Camalov yanaraq vəfat edib, həmçinin R.Rəhimlinin sərnişini Samir Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Rövşən Rəhimli, 1986-cı il təvəllüdlü Elgiz Məmmədov, 1995-cil il təvəllüdlü İsgəndər Əliyev və 1989-cu il təvəllüdlü Elşad Abbasov isə xəsarətlər alıb. Hadisə zamanı vəfat edən Ə.Camalovun üzərindəki 28 min manat pul da yanaraq yararsız hala düşüb.

BAKU.WS
QALEREYA