SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” ordenli şəhidin zabit əmisi dəfn edilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 11-də Müdafiə Nazirliyinin təşkilatçılığı, hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə istefada olan polkovnik Xəzər Abbasovla vida mərasimi keçirilib və o, hərbi və dini ənənələrə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında yaylım atəşi altında son mənzilə yola salınıb.

Mərhumun cənazəsi üzərinə sərilən bayraq xatirə saxlanılması üçün ailəsinə təqdim edilib. Oğlu Sənan və qardaşı Rüstəm Abbasovlar göstərilən ehtirama və diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, təşkilatçılara, o cümlədən dəfn mərasimində iştirak edənlərə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəzər Abbasov 1968-ci il fevralın 12-də Bakı şəhərində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Belarusa gedərək Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə daxil olub və burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma Vətənə can atsa da, mümkün olmayıb. Bir müddət Leninqrad şəhərində motoatıcı alayda xidmət edib.

Böyük çətinliklərdən sonra nəhayət Azərbaycana qayıdan gənc zabit böyük həvəslə yeni yaranmaqda olan Milli Orduda xidmətini davam etdirib. Əvvəl hərbi hissələrdə, sonra isə Müdafiə Nazirliyində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunu bitirib. Azərbaycan Silahlı Qüvvələrinin Qazaxıstan və Gürcüstan respublikalarındakı hərbi attaşesi vəzifələrində xidmət edib.

2017-ci ilin fevral ayında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən xəstəliyə görə Azərbaycan Ordusundan istefaya buraxılıb. Azərbaycan Silahlı Qüvvələrinin veteranı idi. Xidmət müddətində bir neçə medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəzər Abbasovun 1991-ci il noyabrın 17-də Bakı şəhərində anadan olan qardaşı oğlu Həmid Abbasbəyli də əmisinin arzusu ilə ixtisas seçimində hərbi peşəyə üstünlük verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu bitirib.

Xüsusi əməliyyat taborunda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsində xidmət edib, “baş leytenant” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi, qələbə əzmi ilə hərbi əməliyyatlara qatılıb. Əmisini və ailəsini əmin edib ki, onları tezliklə qələbə müjdəsi ilə sevindirəcək. Gənc zabit Həmid Abbasbəyli sözünü tutaraq, Cəbrayıl və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərib. Lakin Vətən müharibəsinin 24-cü günündə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.

Əmisinin yolunu seçən və ümidlərini doğruldan baş leytenant Həmid Abbasbəyli Azərbaycanın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BAKU.WS
QALEREYA