Dünən Sabirabad rayonunda qardaşın bacısını qətlə yetirməsi ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. 

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Balakənd kəndində 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni qısqanclıq zəminində öldürdüyünü açıqlayıb. 

Hadisədən dərhal sonra Sabirabad rayon Polis Şöbəsinə gedərək könüllü şəkildə təslim olan 41 yaşlı Məhəmməd Hüseynov bacısını hansı səbəbdən öldürdüyünü deyib. O, iddia edib ki, 32 yaşlı Şəmsiyyə ailəsinə yaraşmayan hərəkətlər edib.

Hadisə vaxtı 32 yaşlı qadın qardaşının bıçaq zərbələrindən yayınmaq istəsə də, M.Hüseynov qaçaraq onu yaxalayıb və kürəyinə çoxsaylı bıçaq zərbələri endirib. 

İlkin araşdırmadan sonra məlum olub ki, Şəmsiyyə Hüseynova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və iki övladı ilə ata evinə qayıdıb. Ata evində məskunlaşan qadının övladlarından böyüyü orta məktəbin 8-ci sinfində, digəri isə ibtidai sinifdə oxuyurmuş.

Hadisəni törədən Məhəmməd Hüseynov isə xeyli vaxt imiş ki, ailəsi ilə birgə Saatlı rayonunun Saracalı kəndində yaşayırmış. Lakin onun böyük övladı nənə-babasından ayrıla bilmədiyi üçün Balakənd kəndində qalıb və məktəbə də burada gedir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS