VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, qurumdan bildirilib ki, rayonun Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlunun Qaradağlı kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Z.Əzizovanın sinif yoldaşı N.Daşdəmirli tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində övladının intihara cəhd etməsi barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, təhsil nazirinə isə bu barədə ərizə ilə müraciət edib:

“Hər iki müraciət tərəfimizdən araşdırılıb. Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıblar. Məlum olub ki, 8-ci sinifdə təhsil alan Z.Əzizova və N.Daşdəmirli ilə eyni sinifdə 1-ci sinifdən bu günə qədər birlikdə təhsil alıblar. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb.

Şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə uşaqların da arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva (məktəbdə psixoloq vəzifəsi vakantdır) dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah ediblər.

Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub (Qaradağlı kənd tam orta məktəbində 8-ci sinif üzrə bir sinif var). Hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib”.

***12:28

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib.

Belə ki, N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, bəzi xəbər saytlarında gedən yazılara əsasən Z.Ə. bir deyil, bir neçə şagird tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb.

Həmin yazılara əsasən demək olar ki, əslində Z.Ə. bulinqə məruz qalıb. Belə ki, iddialara görə, N.D.-nin digər uşaqları da öyrətməsi nəticəsində onların bir qismi də Z.Ə.-yə qarşı müəyyən xoşagəlməz hərəkətlər ediblər.

Hazırda şagirdin valideyni N.Əzizov qızına qarşı qanunsuz hərəkətlər edən şagirdin sinfinin, yaxud məktəbinin dəyişdirilməsinə çalışır.

BAKU.WS