SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyanda üçəm körpələrdən 2-nin ölməsindən sonra rayon xəstəxanalarındakı mövcud vəziyyəti gündəmə gətirib. ANS PRESS bununla bağlı şimal bölgəsinin iki rayonunda - Qusar və Şabran mərkəzi xəstəxanalarındakı vəziyyətlə maraqlanıb.

Qusarın rayon mərkəzi xəstəxanası 2012-ci ildə ölkə prezidentinin iştirakı ilə yeni binaya köçüb. Burada cərrahiyyə, terapiya, təcili yardım, yoluxucu xəstəliklər, vərəm, doğum, reanimasiya şöbələrindəki çarpayıların sayı 170-dir.

Mövzu əsasən uşaq ölümü ilə bağlı olduğundan yolumuzu ilk əvvəl doğum şöbəsindən saldıq. Özlüyündə bu şöbə də qəbul və doğuş şöbələrindən ibarətdir. Hamilə qadınlar ana olmağa gələndə ilkin olaraq qəbul şöbəsində hazırlanır və üst mərtəbədəki doğuş şöbəsinə çatdırılır. Doğum şöbəsinin müdiri Anjela Əlifxanova şöbədə normal doğuş həyata keçirmək üçün lazımi şərait olduğunu deyib:

"Şöbədə olan 5 mama-ginekoloqdan 3-ü cərrahdır. Hər biri sərbəst əməliyyatlar həyata keçirir. Şöbəmiz bütün avadanlıqla təmin olunur”.

Nəinki doğum şöbəsi, xəstəxananın bütün şöbə və otaqlarında mərkəzləşdirilmiş isitmə, havalandırma və işıqlandırma sistemindən istifadə edilir.

Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirdi ki, xəstəxana ərazisində, korpuslarda mərkəzləşdirilmiş qaydada elektrik enerjisinə təminat var. Eyni zamanda xəstələrin daxildə intensiv terapiyasını təmin eləmək üçün mərkəzləşdirilmiş oksigen sistemi və müsbət təzyiqli hava sistemi var. Bu  da xəstələrin qısa müddətdə müalicəsini təmin etmək üçün bir sahədir”.

Qusar xəstəxanasından sonra obyektivlik naminə Şabran rayon mərkəzi xəstəxanasındakı mövcud vəziyyətlə tanış olmaq istənilsə də ANS-in çəkiliş qrupu xəstəxanaya buraxılmayıb. Mühafizəçilər müxtəlif bəhanələr gətirərək buraxılış üçün rəsmi icazələrinin olmadığını bildiriblər.

Belə olan halda məsələ başa düşüləndir. Anlaşılan odur ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan Usubov ötən gün bərbad vəziyyətdə olan Ağalıq kənd sahə xəstəxanası ilə bağlı efirə gedən materialı həzm edə bimir. Cənab Usubov, çox güman ki, oradakı çatışmazlıqları aradan qaldırmaqla məşğuldur.

Aslan Həkimin diqqətinə çatdırmaq istəyirik ki, həqiqət nə qədər acı olsa da həqiqətdir, onu qəbul eləmək lazımdır.
 
BAKU.WS