SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  
Ermənistana keçən qadın Azərbaycan tərəfə qaytarılıb.
 
BAKU.WS-in məlumatına görə, Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Azərbaycan tərəfə təhvil verilib.
 
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də Azərbaycan vətəndaşının repatriasiya olunması haqqında məlumat yayıb.
 
Nümayəndəlikdən APA-ya verilən məlumatda deyilir ki, iyunun 7-də sərhədi keçən mülki Azərbaycan vətəndaşı bu gün, BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.
 
O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib. 
 
BQXK neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.
 
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
 
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 7-də Ermənistana keçib.
 
BAKU.WS