Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi "İsuzu” markalı 10- TF- 386 dövlət nömrə nişanlı rayonlardan birinə sərnişin daşıyan avtobus qarşıdan gələn 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99-ED-605 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri- 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış maşının içərisində olan 2 sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS