SİZİN REKLAM BURADA!
055 213 76 73


Laçın rayonunda hərbçilərin yol qəzasında ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev APA-ya bildirib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüblər.

Daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək".

BAKU.WS