SİZİN REKLAM BURADA!
055 213 76 73


İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov son günlər Acınohurda ərəblərin qanunsuz ovu ilə bağlı açıqlama verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, A.Muradov bu rəzalətin qarşısının alınmasına ən çox sevinənlərdən biri olduğunu qeyd edib:

“Belə barbar, bioloji müxtəlifliyin nadir incilərinə və ümumiyyətlə təbiətə asi varlıqların ölkəmizə bir daha ayaq basmayacaqlarına əmin olmaq istəyirəm! Neçə illərdi metastaz kimi Azərbaycanın bir çox aran rayonlarında müşahidə olunan bu hal niyə məhz Acınohurda ifşa edildi deyə düşünün!

Ona görə ki, əksər təbii biosenzorlar artıq çoxdan aqrosenzorlara çevrilib. Həmin ərazilərin xarakterik biomüxtəlifliyi artıq mövcud deyil!

Xarakterik landşaftlara məxsus təbii tipik biomüxtəlifliyin qorunub saxlanıldığı çox az ərazi qalıb, bu ərazilərdən biri, bəlkə də, sonuncusu Acınohurdur!

Min zəhmət bahasına ceyran (Gazelle Subgutturosa) subpopulyasiyasının yenicə bərpa edildiyi, qismən və ya müəyyən səviyyədə mühafizə rejiminin tətbiqi ilə bərpa edilməkdə olan təbii bənzərsiz məkan!

Oranı “Azərbaycanın Serengetisi” adlandırırdıq! Ərəb bir kənara, bilirsiniz, kimlə mübarizə aparırıq? Yol kənarında xəbərdarlıq nişanlarında olan ceyran fotosuna, “İlisu” adına belə güllə atan öz şərəfsizlərimizlə!

Bərdə, Tərtər, Gəncə bombalanan günlər burada tutduğumuz ovçu-brakonyerlərimi "kasıb-kusub" ov eləsə, o dəqiqə anasını ağlar qoyarsınız" deyib müdafiə edirsiniz?

Yoxsa, kəndimizdə şəhid dəfn etdiyimiz zaman dağlara ova getdiyi üçün tutduğumuz brakonyerlərimi? Yoxsa, 10 dəqiqə əvvəl sahəyə buraxılan qırqovulu tüfənglə atəş açıb vuran çobanımı - budur sizin kasıblarınız?

"Budaq kəsən kasıba cərimə yazırsınız" deyən “qəhrəmanlar”, göstərin hələ bir neçəsini, deyim o kasıb dediyiniz nələr edib ki, ona cərimə yazılır. Yazmamalıyıq? Sizin deyil onların qırdığı ağaclar? Sizin deyil onların qırmağa cəhd etdiyi heyvanlar?

Mənim sizin suallarınızın hamısına cavabım var! Bəs özünüzə o sualı verirsiniz ki, bu bir həftədə niyə Acınohurda olmadınız?

Niyə o ərəb düşərgəsinin yanında gəlib çadır qurub hər şeyi öz gözünüzlə görmədiniz? Həqiqətən, o nadir quşlarımızı burada ovlayıblar, yoxsa başqa yerdə?!

Niyə gəlib baxmadınız, araşdırmadınız, o yedikləri nə quşlardır, bu ərazidəndi, yoxsa başqa yerdən? İctimai qınaq var, bəs ictimai dəstək necə? Çöldə, yanımızda neçə nəfər idiniz?”

O qeyd edib ki, ərəblər əraziyə gəldiyi vaxtdan üç gün ərzində qarşılarını alıblar:

“Hüququmuz çatmasa belə müqavimət göstərdik ki, yasaqlıq ərazisində düşərgə salmasınlar (Əsasnamədə göstərilib ki, “çadır düşərgəsinin ərazidə salınması qadağan edilə bilər. “Bilər” amma “qadağandır” yox!). Üçüncü gün də ədəblə gözlədilər ki, göstəriş veriləcək bizə ki, həmin bu sahədə düşərgə salınmasına əngəl olmayaq. Belə də oldu. Gələnlərin həmin sahəyə düşərgə salınmasına əngəl ola bilmədik.

Məhz düşərgəyə və onların orada istirahətinə (istirahəti gətirdikləri çox sayda şahinlərə təlim keçmək, onları yemləmək və s.) mənim şəxsən tanımadığım təsərrüfat subyekti tərəfindən şərait yaradıldı. Bizə isə ETSN-dən onların hər hansı bir qanunsuz fəaliyyətlərinə yol verilməmək göstərişi gəldi (yəni bu, bizim yegerlərin bilavasitə vəzifə borcudur ki, fauna elementlərinin mühafizəsini təşkil etsinlər).

Ərəb “turistlər” gəldilər. Nə az, nə çox, özünüz şahidisiniz neçə nəfər və neçə maşın idi. İlk günlərdə ancaq quş təlimləri etdiklərini müşahidə edirdik.

Amansızlıqdı, vəhşilikdi, nə bilim nədi - öz günahlarıdır. Şahinlərinə ovlatdırdığı göyərçinlər, əhalimizin damından, çardağından tutub bu ərəblərə və ya onların qulluğunda duranlara satılıb, çöl göyərçinləri deyil. Heç bir əmələ haqq qazandırmıram, sadəcə aydınlıq olsun deyə qeyd edirəm.

Bəli, ölkəmizdə ov qadağası elan edilib. Qadağa bizim növlərin ovlanmasınadır, o cümlədən şahinlə ovlamaqda qadağan edilmiş ov növü hesab edilir. Amma şahin yemlənməsində, ova öyrədilməsində (təlimdə) göyərçinləri nə əvəz edər, onu bilmirəm!

Dediyim kimi, ilk günlərdə müşahidə ediləndə bu sadaladığım kimi idi. Ərəblər çölə günortaya yaxın gəlirdilər, çadırlarında nahar edirdilər.

Mən şəxsən heç vaxt o çadırların yanına belə getməmişəm. Müşahidələrim ancaq kənardan və ərazilərdən olub. Ərazidə bizim yegerlərdən başqa, ETSN-in regional inspeksiyasının əməkdaşları da müşahidələr aparırdılar.

Bizim əsas hədəfimiz və səyimiz Acınohurda ceyranların gündüzlər dayandığı sahələrə maşınların hərəkətini məhdudlaşdırmaqdır.

Bu istiqamətdə gördüyümüz işləri sadalamaq fikrim yoxdur. Ərəb “turistlərin” son günlərdə 20-dən artıq maşınla gəlmələri onların hərəkətinə nəzarəti, demək olar ki, mümkünsüz etdi. Bizim buna nə fiziki, nə də texniki imkanlarımız çatmır.

Amma onu da qeyd etmək istəyirəm ki, ərəblərin özlərinin paylaşdığı videoları “Acınohur ərazisi” (Qax Dövlət Yasaqlığı) kimi təqdim edilməsi həqiqətdən kənardı.

Çadırları yasaqlıqda yerləşsə də, onların getmədikləri, çatmadıqları yer yoxdur. Acınohur çölü bütün yasaqlıq deyil, düzən ərazinin ancaq 14 min hektarı yasaqlıqdır və bura Acınohur gölünün yarısı da (2500 ha) daxildir. Acınohurun düzən ərazisi təxminən 40 min hektardır.

Bu ərazilər həm Qax, həm də Şəki inzibati rayonlarının əraziləridir. Ərəblərin idarə etdikləri maşınların yasaqlıqdan çox bu ərazilərdə hərəkət etdikləri müşahidə edilir. Yəni, Şəki, Qax, Samux və hətta Yevlax rayonlarının inzibati ərazilərində hərəkət edirdilər.

Bu ərazilər xüsusi mühafizə rejimi tətbiq edilməmiş qış otlaq sahələridir. Acınohur ətrafı çöllərdə eyni tipli fauna elementləri müşahidə edilir. Fevral ayının sonundan sonra Acınohurda böyük bəzgək sürüləri ümumiyyətlə müşahidə edilmir.

Bu ov videoları haradan götürülüb paylaşıldığını bilmirəm, amma bizim olduğumuz müddətdə və yasaqlıq ərazisində belə faktlar müşahidə edilməmişdir. Acınohur ətrafı ərazilərdə də landşaft bənzərdi, və çadır düşərgəsinin yasaqlıqda olmasına görə elə qələmə verirlər ki, qanunsuz ov yasaqlıq ərazisində baş verib.

Bəli, heç fərqi yoxdur, harada qanun pozulub. Hər hansı bir ov faktı ilə bağlı müvafiq qanunvericiliklə təbiətə dəymiş ziyan müəyyən edilir və cərimə tətbiq edilir. Belə qələmə verilməsin ki, bunları məsuliyyətdən yayınmaq xatirinə edirəm.

Hər kəsin müəyyən dərəcədə günahı var. Bir çox Facebook "qəhrəmanlarından", kürəyini divandan qaldırmadan təbiətimizə “təəssüf” edənlərdən fərqli, çöldə qanunsuz ov etməyə cəhd edənlərə qarşı mübarizə aparanlara, zəhməti keçənlərin və bir çox qanunsuzluğun qarşısını almış insanların, yegerlərin haqqına girmək doğru deyil! (Yasaqlıqda cəmi 6 yeger ştatı var, onlardan da yalnız 4 nəfəri işləyir).

Bizi, əsasən də məni fəaliyyətsizlikdə, bacarıqsızlıqda, düşmən mövqedə, təbiəti talamaqda, ova şərait yaratmaqda və s. ittiham edənlər, görmədim sizin heç birinizi bu günlərdə yanımızda. “Dədə-babalarımızda ov edib bu meşələrdə, amma bizi qoymursunuz” deyən utanmazlar bir dənə fakt göstərə bilməzlər ki, mən də nə vaxtsa ov etmişəm, ya ova şərait yaratmışam.

Ceyranlarımızın bir aydan sonra balalama dövrüdür, heç bunu da izah edə bilmədik ki, bu ərazilərdə maşınla hərəkət belə onları stresə salır, narahat edir.

Ən azı buna görə bu ərazilərə maşın sürmək olmaz. Ov etmək və hətta ov silahı gəzdirmək qadağandır. Utanmadan deyirlər ki, biz atmırıq, biz ceyranı Türkmənistanda atırıq.

Şahin qovuruq, şahin axtarırıq. 3 maşın saxlayıb qaytarırsan, iş aparırsan, 10-15 maşın hara dağıldığını belə izləmək mümkün olmur.

“Ekofront”un həyəcan təbilindən sonra ümumiyyətlə atəş səsləri heç müşahidə edilmirdi. Belə vəziyyətlərdə dost kimdir, ağ nədir, qara nədir tanıyırsan.

Mənə inanan, etibarımı və hörmətimi saxlayan hər kəsə minnətdaram. Hə, bir də özünə güvənən, "sən beləsən, filansan" deyən qabiliyyət sahibləri, durun gedin ETSN-ə müraciət edin, İlisu DTQ-da direktor yeri 9 aydır boşdur! Gəlin, yaxşı işləmək nədir, göstərin!” - deyə Azərçin Muradov sonda qeyd edib. 

BAKU.WS
VİDEO