Axşam saatlarında Bakı-Quba yolunun 49-cu km-nin Sumqayıt ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS anspress-ə istinadən bildirir ki, zəncirvari qəza nəticəsində üç avtomobil toqquşub. Zəncirvari qəzada üç avtomobil toqquşub.

Toqquşan avtomobillər "Hunday" markalı avtobus,"KAMAZ" yük maşını və "Niva" dır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev açıqlamasında hazırda araşdırma aparıldığını qeyd edib. Qəza nəticəsində hər üç avtomobil ciddi zərər çəkib.
İlkin məlumata görə, fəhlələri aparan "Hunday" markalı avtobus qəza nəticəsində aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxs yerli xəstəxanaya yerləşdirilib. "Qəza nəticəsində ölüm-itim yoxdur. Faktla bağlı araşdırma aparılır.Aparılan araşdırmalardan sonra kimin günahkar olduğu aydın olacaq", - deyə müstəntiq Arzu Əliyev bildirib.

Analoji hadisə aprelin 8-də Bakının Nizami rayonunda baş verib. İki avtobusun toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, ona yaxın şəxs isə yaralanıb. Ölkədə avtobus qəzaları müntəzəm olaraq baş verir. Əksər hallarda bu qəzalara səbəb sürücülərin sürət həddini aşması, avtobuslardakı texniki nasazlıqlar olur. Bu ilin ilk üç ayı ərzində Bakıda ölümlə nəticələnən avtobus qəzaları baş verib. Belə ki, fevral ayında Nizami rayonunda, metronun Qara Qarayev stansiyası yaxınlığında 36 və 62 nömrəli avtobuslar toqquşub. Bu qəza bir nəfərin ölümü, çox sayda insanın yaralanması ilə nəticələnmişdi. Qəzaya səbəb isə sürücülərdən birinin işıqforun tələblərinə əməl etməməsi olub.

Mart ayında isə Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədovun idarə etdiyi "Daewoo" markalı minik maşını İlham Əhmədovun idarə etdiyi "Daewoo" markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mart ayının 4-də də 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək sürətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib.
 
BAKU.WS