VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Kamandar Kərimov 30 ildən çoxdur Azadlıq prospekti 114 ünvanında yaşayır. Həmin ünvanda mənzil alan gündən də avtomobilini binanın arxasındakı meydançada saxlayıb. Heç vaxt da yol polisi ilə problemi olmayıb. Amma son bir ildə nəinki Kamandar, həmin ərazidə yaşayan və işləyən avtomobil sahiblərinin hamısı əməlli başlı problemlə üzləşib.


Yol polisi az qala eni 10 metrdən çox olan meydançanı səki hesab edərək orada saxlanılan avtomobil sahiblərini 20 AZN miqdarında cərimələyir. Məsələn, təkcə Kamandar son bir ayda eyni qayda pozuntusuna görə 120 AZN cərimə ödəyib. 

- Əgər avtomobil saxlamaq qadağandırsa, bir nişan qoysunlar, meydançaya qalxan yolu bağlasınlar. Amma bunlar nə nişan qoyurlar, nə də yolu bağlayırlar. Gündə iki üç dəfə də gəlib maşınların şəklini çəkir, cərimə yazıb gedirlər, - Kamandar BAKU.WS-in əməkdaşı ilə söhbətində bildirir.

Onun sözlərinə görə, bu problemlə Avropa Oyunlarından sonra üzləşiblər. O vaxtadək heç bir qadağa olmayıb. Həmin ərəfədə Azadlıq Prospekti ilə paralel Möhsün Sənani küçəsinə parkomat quraşdırılan gündən meydança səki hesab olunaraq maşınların saxlanılması qadağan edilib. 

Bu problemlə üzləşən təkcə orada yaşayan sakinlər deyil, həm də sözügedən  ünvanda yerləşən ticarət və iaşə obyektlərində işləyənlərdir. Obyektin müştəriləri və işçiləri dəfələrlə eyni qayda pozuntusuna görə cərimələnib. 

"Music Gallery” mağazalar şəbəkəsində işləyən Ramiz İsmayılov deyir ki, bu hal mağazanın müştərilərini narazı salır. Mağazanın qarşısında cərimə olunan müştəri ikinci dəfə bura gəlmir: 

- Dayanacaq qiymətləri isə bahadı. Müştərilər dayanacaqda saxlaya bilər çünki ilk 15 dəqiqə pulsuzdur, 15 dəqiqədən sonra isə saatı 50 qəpikdir. Bu qiymət müştəriyə sərf edə bilər amma  mən 10 saat mağazada oluram, əmək haqqım da 300 AZN-dir . Aylıq dayanacaq pulu maaşımın 50 faizi edir. Ayda 100 AZN də yanacağa verirəm. Belə çıxır ki mən ancaq yanacaq və dayanacq üçün işləməliyəm?!

- Bəs harada saxlayırsız maşınınızı?

- Binanın həyətində, harada boş yer tapsaq orada. Bir gözümüz də maşında olur. Bilmirik müştərilərlə maraqanaq, yoxsa maşını gözləyək. Küçədə polis görən kimi qaçırıq maşını götürürük, polis gedən kimi yerinə qaytarırıq.  Demək olar ki, polislə siçan pişik oyunu oynayırıq.

- Mən 6-7 ildi burada yaşayıram. Hazırda da heç yerdə işləmirəm. Maşınım da bütün günü binanın qarşısında olur. Pullu dayanacağın da bir saatı 50 qəpikdir. Belə çıxır ki, mən gündə 11 manat dayanacağa pul ödəməliyəm. Yoxsa maşını özümlə evə qaldırım?, - Nizami adlı sakin söhbətə müdaxilə edir.

Nizami deyir ki, buna görə dəfələrlə yol polisləri ilə mübahisələri olub.

- Polislər deyir ki,  biz qanunu icra edirik, nə dərdiniz var rəisə şikayət edin.

Sakinlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə şikayət etsələr də, problem öz həllini tapmayıb. 

- 10 nəfərdən çox sakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Polisdən bizi arxayın etdilər ki, məsələ həll olunacaq. Doğrudan da bir-iki ay heç kəs cərimə olunmadı. Amma iki aydan sonra yenidən meydançada avtomobil saxlayanlar cərimə olunmağa başladı, - Kamandar yenidən söhbətə qoşulur.
Yol polisi adətən Yol Hərəkəti Haqqında qanunun 52 maddəsinə istinad edərək ərazidə dayanan maşın sahiblərini cərimələyir. Rafael Hüseynov adlı sakin isə iddia edir ki, orada maşın saxlamaqla heç bir qayda pozuntusu baş vermir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə BAKU.WS-ə deyib ki, bu məsələdə yol polisini qınamaq doğru deyil. Yol Hərəkəti Haqqında Qanunun tələbləri baxımından polis düzgün hərəkət edir: 

"DYP əməkdaşı formal olaraq düz edir. 52-ci maddənin IV hissəsinin 9-cu bəndinə əsasən, səkidə parklanma qadağandır və yalnız bir halda 5.15 nişanı 7.6 lövhəciyindən uyğun olanı ilə birgə qoyulduqda olar. Əgər belə nişanlar yoxdursa, DYP nəinki ayda 5-6 dəfə, gündə 5-6 dəfə də eyni avtomobil sahibinə cərimə tətbiq edə bilər”.

- O maddədə yazılıb ki, piyadaların hərəkətinə mane olmursa, səkidə maşın saxlamaq olar. Amma yol polisləri deyirlər ki, bu bizim problem deyil, harda istəyirsiz saxlayin, səkidə olmaz, - Rafael Hüseynov əlavə edir.

O ki qaldı konkret həmin ünvanda avtomobillərin səkidə dayanmasının piyadaların hərəkətinə mane olmamasına, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, belə olan təqdirdə problemi həll etməyin bir yolu var. 

- Orada yaşayan və işləyən şəxslər adından DYP-yə və Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komissiyasına müraciət edib müvafiq nişanların qoyulmasına nail olmaq olar.

Ümumilikdə bu problemə təkcə Azadlıq Prospektində deyil, Bakının əksər küçə və prospektlərində rast gəlmək mümkündür. Hələ ötən il, Avropa Oyunları ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, şəhərin mərkəzi küçələrində parklanma və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.Bunlara Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G.Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət, Əziz Əliyev, Ə.Cavad, 28 May, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və "Nizami" metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Xaqani adına bağın ətrafı və mərkəzdə yerləşən digər küçələr aiddir. Sadalanan ərazilərdə maşın park edildikdə onlar evakuatorlar vasitəsilə təxliyyə olunurlar. Nəqliyyat vasitəsinin təxliyyəsi mümkün olmadıqda, onların fotoşəkli çəkilir və mərkəzi informasiya sisteminin məlumatı əsasında yerindəcə protokol tərtib edilir. Prokotokolun bir nüsxəsi avtomobilin ön şüşəsinə vurulur, digər nüsxəsi barəsində protokol tərtib olunmuş şəxsin yaşayış üzrə qeydiyyatda olduğu ünvana göndərilir. 

Bununla belə avtomobillərin uyğunsuz yerlərdə park edilməsinin tam qarşısının alınması hələlik mümkün olmayıb. 

Ekspertlərin qənaətinə görə, bunun əsas səbəbi dayanacaqlarda qiymətlərin yüksək olmasıdır. 

Məsələn Mərkəzi Park Avtodayanacağı, yəni Qış bulvarının altındakı avtomobil dayanacağında 1 saatlıq parkinq qiyməti 50 qəpikdir. "Park Bulvar"ın yeraltı dayanacağında 1 saat 1 AZN, "Nizami" metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın 6 saatı 1 AZN, "Park Center" ticarət mərkəzindəki avtomobil dayanacağının 1 saatı 1 AZN-dir ki, bu da həmin ərazilərdə yaşayan və ya işləyən insanların büdcəsinə uyğun deyil. 

Mütəxəssilər hesab edirlər ki, bu problemin kökündən həll etmək üçün dayanacaq xidmətlərində qiymətlər aşağı endirilməli və həmin ərazidə yaşayan və işləyənlər üçün müəyyən saatlarda güzəştlər edilməlidir. 

Zülfüqar Xeyirxəbər
BAKU.WS