VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda avtomobil satışı dirçəlməyə başlayıb. Bu barədə fins.az-a avtomobil bazarından bildirilib. Satıcıların sözlərinə görə, Novruz bayramından sonra şənbə və bazar günləri keçirilən bazarda satışlarda xeyli canlanma müşahidə olunub. Avtomobil satıcıları hesab edir ki, bayram günlərində dolların məzənnəsində hər hansı kəskin dəyişikliyin olmaması və 2-ci əl avtomobillərin bir qədər də ucuzlaşması alıcıların diqqətini cəlb edə bilib. 

Martda avtomobillər 500-6000 min manat ucuzlaşıb

Badamdar avtomobil bazarından satıcı Oley Şamxalov fins.az-a bildirib ki, son bir ayda avtomobillər 500-6000 min manat arasında ucuzlaşıb. Daha dəqiq desək, 1998-2000-ci ilin istehsalı olan "Mercedes”lər 1000-2000 manat, "Lada”lar 700-1000 manat, "Hyundai” və "Toyota”lar isə 3000-6000 manat ucuzlaşıb. 

"Mercedes”lər 1000-2000 manat ucuzlaşıb

Məsələn, fevral ayında 6500 manata təklif edilən 2.3 l mühərrikli "Mercedes C Class” son bazarda 5500 manata satılıb. 2001-ci ilin dizel mühərrikli  "Mercedes E 220” modeli isə ötən ayla müqayisədə 2 min manat ucuzlaşaraq 9 min manata satılıb. 

"Lada”ların qiyməti  700-1000 manat aşağı düşüb

Azərbaycanda daha çox sevilən rus avtomobillərində də son bir ayda ucuzlaşma davam  edib. Satıcıların sözlərinə görə, "Lada”lar 4500-4700 manatdan 3500-4000 manata kimi ucuzlaşıb. Məsələn, 2012-ci il model "Lada 21015” 1000 manat ucuzlaşaraq 3500 manata satılır.

"Hyundai” və "Toyota”lar 3-6 min manat ucuzlaşıb

Daha çox ucuzlaşma isə  "Hyundai” və "Toyota” modellərində olub. Avtomobil satıcısının sözlərinə görə, son bazarda 2008-ci ilin 2.7 l mühərrikli  "Hyundai Santa Fe” fevral ayında 17 min manatdan aşağı satılmırdı. Bayramdan sonra bütün xərclər daxil olmaqla bu avtomobil 13800 manata satıldı. Eyni halı "Toyota”lara şamil etmək olar. Məsələn, 2012-ci ilin 2.7 l mühərrikli  "Toyota Prado” 21 min dollardan (32 min dollar) 17 min dollara (26 min manat) kimi ucuzlaşıb. 

Ən çox satılan avtomobillər

O.Şamxalov bildirib ki, avtomobillərin qiymətində davam edən ucuzlaşma satışları xeyli canlandırıb. Belə ki, fevral ayında Badamdar avtomobil bazarında cəmi 14-20 avtomobil satılıbsa, Novruz bayramından sonra keçirilən bazarda bu həcmdə avtomobil satılıb.Yəni, bir həftədə fevral ayında olduğu qədər avtomobil alınıb. Satılan avtomobillər arasında yenə də rus və alman avtomobilləri üstünlük təşkil edir. Məsələn, son bazarda satılan avtomobillərin 9-u "Lada”, 8-i "Mercedes”, 3-ü isə digər markalar, yəni "Hyundai” və "Toyota” modelləri olub.

İri avtomobilləri ailə avtomobili kimi alırlar

Satıcının sözlərinə görə, alman və rus avtomobillərini ucuz olmasına və taksi kimi istifadə üçün alınır. İri mühərrikli  yapon və koreya avtomobillərini alanlar isə onu daimi sürmək üçün deyil, ailə avtomobili olaraq istifadə etmək üçün alırlar. 

Sentyabra kimi 2-ci əl avtomobillər ucuzlaşmaqda davam edəcək

Avtomobil ekspertləri bildirirlər ki, 2-ci əl avtomobil bazarında  qiymətlər ucuzlaşmaqda davam edəcək.Belə ki,manatın məzənnəsində kəskin dəyişiklik olmasa ucuzlaşma senytabr ayına kimi davam edəcək. Yeni avtomobillərin dolların məzənnəsi ilə bağlı bahalaşması və köhnə avtomobillərdə ucuzlaşma 2-ci əl avtomobillərə marağı artıracaq.
 
BAKU.WS