SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır”.

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.

Dövlət başçısı vurğulayıb ki, keçən il Novruz şənliyində çıxış edərkən, əlbəttə, biz təsəvvür edə bilmirdik ki, bir il ərzində bu qədər dəyişikliklər olacaq:

"Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil, yeni münaqişə, qarşıdurma ocaqları, yeni müharibələr, miqrant böhranı. Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq”.

İlham Əliyev bildirib ki, bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır: "Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq.

Bir sözlə, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir. Biz qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində, xüsusilə son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir.

Biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik. Əlbəttə, heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın. Çünki Azərbaycan xalqı öz taleyinin sahibidir.

Biz ölkəmizin inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni edirik. Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal uğrunda birləşibdir - ölkəmizi gücləndirək, iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah halını daha da yüksəklərə qaldıraq”.

Prezident vurğulayıb ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir:

"Bu ilin ilk ayları bunu bir daha göstərir. Bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz. Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq.

Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır.

Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu gəlməyə bilər, ancaq bu, bizim problemimiz deyil.

Belə olan halda, əlbəttə ki, təzyiqlər də olacaq, bizi müxtəlif səmtlərə çəkmək üçün səylər göstəriləcək. Amma, eyni zamanda, bizə olan hörmət daha da artacaq. Biz öz siyasətimizlə dünya miqyasında böyük hörmət qazanmışıq və bu hörmət getdikcə artır”.
 
BAKU.WS