Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdılar. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər. Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlət başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxdılar.
 
BAKU.WS