Qarabağda daha bir erməni əsgər ölüb.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan tərəfi əsgərin faciəli şəkildə öldüyünü iddia edir. Guya erməni əsgər silahla düzgün rəftar etmədiyi üçün ehtiyyatsızlıq ucbatından ölüb. 1997-ci il təvəllüdlü Ovanes Artünyan aldığı güllə yarasından dünyasını dəyişib. 

Ermənistan ordusunda ötən gün də əsgər ölümü olduğu açıqlanmışdı. Ölümcül güllə yarası alan hərbi qulluqçu 1996 təvəllüdlü Artyom Arsenoviç Varderesyan Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olmuşdu. 
 
Bundan əvvəl, martın 15-də isə Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası alan erməni əsgərin meyiti tapılıb. Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib.
 
Maraqlısı ondadır ki, Azərbaycan Müdafiə Nazirliyi 11 mart tarixində cəbhə xəttində təxribat olduğunu açıqladıqdan sonra ermənilər itki vermədiklərini iddia edirdilər. Bu məlumatdan sonra Ermənistan tərəfi ardıcıl olaraq əsgər ölümlərinin baş verdiyini açıqlayıb. Görünür budur ki, Azərbaycan Müdafiə Nazirliyinin də bildirdiyi kimi, ermənilər son təxribat cəhdində uğursuzluğa düçar olublar və çox sayda itki veriblər. Ancaq ictimaiyyətin etirazından qorxaraq Ermənistan ordu rəhbərliyi itkiləri gizlədərək hissə-hissə açıqlamağa qərar verib. 
 
Xatırladaq ki, 11 mart tarixində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
 
Şahin Həbibov
BAKU.WS