Martın 15-də Şəhər Mərkəzi Parkında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xalqımızın Milli bayramı - "İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil edəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, nartın 15-də saat 10.30-da metronun "İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən Novruz personajları – Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı "Atəşgahı”na yola düşəcək.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq, İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun "Koroğlu”stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı "Atəşgah”ına yola düşəcək.

Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun "Koroğlu” stansiyasının yanındakı "Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkında Bayram Tonqalı alovlandırılacaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini, şəhərimizin qonaqlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.
 
BAKU.WS