SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
 
1916-cı ildə isə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 
 
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi.

Həmçinin xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı da ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M. Şərifzadə, A. Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birgə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndi.
 
1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı.
 
50-ci illərdə fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin həyatından bəhs edən filmlər çəkilməyə başladı. "Qızmar günəş altında", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız",  "Ögey ana" filmləri buna şamil etmək olar. 
 
60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" bədii filmi Azərbaycan rəngli kinosunun ilk nümunəsidir. "Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. "Görüş", "Bəxtiyar",  "O olmasın, bu olsun" , "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana"  və s. filmlərdə bu ənənə davam etdirildi.
 
70-ci illərin uğurlu ekran işləri sırasına "Uşaqlığın son gecəsi", "Gün keçdi" kimi filmləri aid etmək olar. 
 
Ötən əsrin sonlarında milli kinomuzda durğunluq illəri yaşansa da, filmlər çəkilirdi. Buna misal kimi "Fəryad", "Ağ atlı oğlan" və s. Bu filmlər Qarabağda gedən döyüşlərin insanların taleyində hansı faciələrə yol açdığını göstərirdi.

BAKU.WS