Təckə bu həftə paytaxt ərazisində sürücü ehtiyatsızlığı nəticəsində 11 ağır yol qəzası baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, baş verən qəzaların çoxunda ölüm faktı qeydə alınıb.

Araşdırmalar zamanı baş verən qəzaların sürücü diqqətsizliyi səbəbindən baş verdiyi məlum olub. Qəzalar əsasən Novxanı, Pirşağı və s. bağların yaxınlığında qeydə alınıb. Çimərlik yaxınlığında qeydə alınan yol qəzalarında sürücülərin diqqət yayınması əsas rol oynayıb. 

Bu səbəbdən Vaqif Əsədov deyir ki, sürücülər çalışmalıdırlar ki, sükan arxasında rahat olsunlar. Bunun üçün onlar rahat geyimlərdən istifadə etməlidirlər.

"Sürücü birinci növbədə çalışmalıdır ki, rahat ayaqqabı geyinsin. Çəkələk, başmaq kimi geyimlər insanı rahat şəkildə maşın idarə etməyə imkan vermir. Sürücü çəkələkin pedala ilişməməsinə çalışır. Bu zaman diqqət yayınır və ani ehtiyatsızlıq böyük qəzaya səbəb olur”, - deyə Vaqif Əsədov bildirib.

Yol polisi deyir ki, hələ ki bu barədə qanunda heç bir qadağa yoxdur. Yəni sürücü istədiyi halda avtomobil idarə edə bilər.

"Sürücü ayaqyalın da maşın sürə bilər. Lakin çəkələklə və ayaqyalın maşın sürməkdənsə kip ayaqqabı geyinmiş halda avtomobil idarə etmək daha rahatdır. Hazırda yol hərəkəti haqqında qonunda müəyyən boşluqlar var. Yol polisi olaraq çalışırıq ki, lazımı yerdə lazımı qeydləri edək. Amma hər şeydən əvvəl insanın təhlükəsizliyi durur. Ayaqyalın və çəkələklə maşın sürmək təhlükəlidir. Bu səbəbdən də, sürücü çalışmalıdır ki, avtomobil idarə edərkən kip ayaqqabı geyinsin”, - deyə Vaqif Əsədov bildirib.

Yol polisi bu baxımdan maarifləndirici işlərin aparılmasının zəruri olduğunu deyir. Vaqif Əsədov bu baxımdan jurnalistlərə güvəndiyini bildirib.

"Polis sürücünü saxlayıb deməyəcək ki, düşün sizin ayağınıza baxım. Bu həm etiqa baxımından düzgün deyil, həm də insanın hüququnu pozur. Sürücü özü təhlükədən uzaq olmağa çalışmalıdır”

Ziya Səccad
BAKU.WS