VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saatlarında Bakının "20 yanvar” metrosu yaxınlığında yol polisilə Qarabağ əlili arasında baş verən insident Bakı şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılacaq.

Bu barədə Bakı şəhər Dövlət yol Polis İdarəinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində yayılmış video idarə tərəfindən araşdırılır və araşdırmaların nəticəsində hadisəyə hüquqi qiymət veriləcək.

"Bu gün yol polisi xidməti zamanı sürücü tərəfindən qayda pozuntusu qeydə alınıb. Yol polisi qayda pozan sürücüyə xəbərdarlıq edərkən vətəndaş özünün Qarabağ əlili olduğunu bildirib və etiraz edib. Bu dəfə də yol polisinə xidməti zamanı vətəndaş tərəfindən aqresiya nümayiş etdirilib. Yol polisinə qarşı nalayiq ifadələr işlədilib. Yol hərəkəti haqqında qanunun tənzimlənməsi zamanı heç kim vəzifəsinə və təbəqələşməsinə görə imtiyaz daşımır. Qanun pozan şəxs istər müəllim olsun, istər jurnalist olsun. Istər işsiz olsun, istərsə də əlil olsun, qanun qarşısında cavab verəcək”, -deyə Vaqif Əsədov bildirib.

Vaqif Əsədov bildirib ki, "20 yanvar” ərazisində taksi sürücüləri yolun sağ tərəfini tamam bağlayırlar və hərəkətə böyük maneə yaradırlar. Yol polisi də bu qanun pozuntusunun qarşısını alır: "Əgər hansısa vətəndaş yol polisinin ona qarşı haqsız hərəkət etdiyini düşünürsə, bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına şikayət edə bilər. Lakin vətəndaş yol polisinə qarşı çıxmamalıdır və ona güc nümayiş etdirməməlidir”.

Qeyd edək ki, bu gün səhər saat 9:00-da "20 Yanvar" metrostansiyasının yaxınlığında taksi sürücülərilə DYP əməkdaşları arasında insident olub. 99 YP 334 nömrəli DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən götürməyi tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb. DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə maşının açarını verməyəcəyini bildirib.

Ziya Babayev

BAKU.WS