VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bağ evimdə sayğacda işığa 2 manat borcum qalıb. Mənə məlumat verilmədən bağ evimdəki elektrik enerjisi təchizatı dayandırılıb. Xəbərdarlıq etmədən işığı kəsdikləri bir yana qalsın, sayğacdan evə çəkilən naqili kəsməklə mənə əlavə ziyan vurublar".  
 
BAKU.WS-in məlumatına görə, bunu paytaxt sakini Ramiz Əliyev redaksiyamıza şikayətində söyləyib. Abonent deyir ki, onun evində işığı söndürərkən naqil kəsilir və bu da mənzildəki elektriklə işləyən avadanlıqlara ziyan vurur:
 
"Naqili kəsirlər və sonradan ödəniş edildikdə xətt bərpa olunur. Son nəticədə naqilə calaq düşür. Bu isə bir müddət sonra qısa qapanma yaranmasına səbəb olur. Mənim evimdə televizor, soyuducu və kompüter kimi elektrik enerjisi ilə çalışan əşyalar var. Qısa qapanma olduğu təqdirdə həmin cihazlar sıradan çıxır. Ancaq qurumlar bu məsələyə diqqət yetirmirlər. 2 manata görə mənim bütün əmlakıma ziyan dəyir", - deyə abonent gileylənib.
 
Məsələ ilə bağlı BAKU.WS "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. ASC rəsmisi bildirib ki, bu cür şikayətlə müraciət edənlər ödənişlərini vaxtında etsinlər ki, problem yaranmasın: "Biz özümüz də abonentik. Elektrik borcunu vaxtında ödəmək lazımdır. ASC abonentlərinə fərdi qaydada, həmçinin mətbuat vasitəsi ilə xəbərdarlıq edir. Ödəniş edilmədikdə bizim əməkdaşlarımız elektrik enerjisini dayandırmaq məcburiyyətində qalırlar. Bu zaman dəyən ziyanın məsuliyyəti abunəçilərin öz üzərində qalır". 
 
T.Mustafayev deyir ki, gələcəkdə sayğacların daha müasirləri ilə əvəz olunmasından sonra bu problem tam həllini tapacaq: "Çünki qaz sayğaclarında olduğu kimi smart kartlardan istifadə olunacaq və o zaman bu cür problemlər ortaya çıxmayacaq. Biz bir daha abonentlərə xahiş edirik ki, borclarını vaxtında ödəsinlər".
 
BAKU.WS