Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Space TV-də yayımlanan "Sadə Həqiqətlər" verilişində qonaq olub. 

BAKU.WS xəbər verir ki, baş nazir postuna təyin olunandan sonra ilk dəfə mətbuat qarşısına çıxan Novruz Məmmədov maraqlı açıqlamalar verib. 

Baş nazir təyin olunduğu dövrdə baş verənləri nəql edən N.Məmmədov təyinatın gözlənilməz olduğunu etiraf edib:     

"Heç vaxt təsəvvür edə bilmədim ki, mənə belə bir təklif ola bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Bu prezident seçkilərindən sonra oldu. Hamımız razılıq, məmnunluq içərisindəydik. Seçkilər çox gözəl keçdi. Seçkilərdən sonra cənab prezident dedi ki, baş nazir postuna səni təklif edirəm. Dedim bu mümkün olan şey deyil. Mən bacarmaram. Dedim mən sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sən sən.

Ondan sonra bir dəfə də belə bir söhbətimiz oldu. Onda da həmin sözü dedim. Dedi ki, get fikirləş. Mən çətin vəziyyətdəydim. Fikirləşirdim ki, necə olacaq. Doğurdan da bu qərar qəbul edilsə, mən nə cür edəcəyəm? Bu böyük ehtimadın üzərindən necə gələcəyəm? Bu söhbətdən bir gün keçdi və zəng oldu. Götürdüm telefonu. Dedi ki, (red: İlham Əliyev) Novruz Məmmədov, sabah gedirsən Milli Məclisə. Qurtardıq. Daha heç bir söz danışmağa qoymadı. Bildim ki, qərar qəbul edilib. Başa düşürdüm ki, bu böyük ehtimaddır və mənim yükümü daha da çoxaldır.

Getdim Milli Məclisə. Çıxışlar oldu. Mən də bir iki kəlmə dedim. Dedim ki, bilirsiz nə var. Mən həmişə mətbuata açıq olmuşam. İndiyə qədər mətbuatda hamı ilə danışırdım. Bundan sonra işləmək lazımdır. Mən artıq işə keçirəm və mətbuatla bitirirəm. Artıq bir ildən artıqdır ki, işləyirəm. Birinci dəfədir ki, mətbuata çıxmışam".
BAKU.WS


VİDEO