SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yanvarın 26-da gecə Bakının Tiflis prospektində yerləşən "Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar azad edilib. BAKU.WS-in məlumatına görə, bu barədə virtualaz.org saytına Nəsimi rayon polis idarəsindəki mənbələrdən bildirblər.


Mənbə deyib ki, yanacaqdoldurma məntəqəsində törədilən xuliqanlığa görə saxlanılmış İsa Əzizov və Mahir İsgəndərov iki sutka saxlanıldıqdan sonra onların barəsində cinayət işi qaldırılmadığından azadlığa buraxılıblar. Polisin səlahiyyətinə görə saxlanılan şəxs barəsində cinayət işi qaldırılmasa ən çoxu iki sutka saxlanıla bilər.

Xatırladaq ki, "Bentley” avtomobilində yanacaqdoldurma məntəqəsinə daxil olan İsa Əzizov və daha üç nəfər (ikisi qız olmaqla) əvvəlcə məntəqənin operatorunu döyüb. Daha sonra mühafizəçi Sadiq Bağırorovu döyərək ona ağır bədən xəsarətləri yetirib. Ardınca onların daha bir neçə dostu "Prado” markalı avtomobillə YDM-ə gələrək işçiləri döyüb təhqir ediblər. İsa Əzizov habelə maşından silah çəkərək YDM-in işçilərini hədələyib, "hamınızı güllələyib pulda basdıraram” deyib.

Xəbər verildiyi kimi İsa Əzizov prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin rəhbəri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm Əliyevin qohumudur. Ötən ilin mayında Bakıda "Famous” karake-barında iki qızı da döyən İsa Əzizovla qohumluq əlaqələrinin olduğunu generalın qardaşı, deputat Adil Əliyev də təsdiq edib. Lakin o, İsa Əzizovla "uzaq qohum olduqlarını” bildirmişdi.

Araşdırmalar zamanı məlum olub ki, İsa Əzizov Məhərrəm Əliyevlə heç də uzaq qohum deyil. Onun atası Nadir Əzizov Bakının "8-ci kilometr” massivindəki "Ramal” ticarət mərkəzinin sahibidir, Məhərrəm Əliyevin doğma bacısı oğludur və keçmiş sahə müvəkkilidir. Başqa sözlə, Bakıda qoçuluq edən və "hamını güllələyib pulda basdıracağı” ilə hədələyən qoçu generalın doğmaca bacısı nəvəsidir.

Mənbələr bildirir ki, Nadir Əzizov bir müddət dayısının Pirşağıdakı malikanəsini alıb və oğlu orada nadir quşlar saxlayır.

Göründüyü kimi generalın yaxın qohumu növbəti dəfə Bakıda cinayət məcəlləsinin bir neçə maddəsi ilə tövsif edilən əməl törətsə də bu dəfə də onun barəsində cinayət işi qaldırılmayıb və azadlığa buraxılıb. Generalın ərköyün qohumunun bu əməli prezident İlham Əliyevin özbaşınalıq edən məmurlara və yaxınlarına növbəti sərt xəbərdarlığı ilə eyni vaxtda baş vermişdi.


BAKU.WS