VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"Mərkəzi Bankın banklarda xərclərin optimallaşdırılmasına, maliyyə resurslarının maya dəyərinin azaldılmasına, korporativ sosial məsuliyyətin artırılmasına yönəlik son qərarı əslində gələcəkdə problemli kreditlərin yaranmasını önləmək və istehlak kredtləşməsini məhdudlaşdırmaq məqsədi daşıyır. Dünyada geniş yayılmış PTİ (payment –to-income) sisteminin tətbiqi banklara kredit riskini düzgün idarəetməyə sövq etməklə yanaşı, ölkədə kredit qoyuluşunu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında qəbul edilmiş "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsini nəzərdə tutur:
 
"Əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyək. Belə ki, kredit 2 mərhələdə qiymətləndiriləcək. Əvvəlcə istehlakçının ödəmə qabiliyyəti, sonra isə kredit məhsulunun təyinatına uyğunluğu yoxlanacaq".
 
S.Əliyevin fikrincə, ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən sizin hər ay ödədiyiniz və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək:
 
"Məsələn, fərz edək ki, aylıq qazancınız 400 manatdır. Hazırda hansısa banka hər 100 manat kredit ödəyirsiniz. Yeni kredit xətti aşmaq istəyirsiniz və banka müraciət etmisiniz. İstədiyiniz məbləğin aylıq ödənişi isə təxminən 120 manat edir. Bu halda BYG əmsalı (100 AZN +120 AZN)/400 AZN x100% = 55% olacaq. Belə vəziyyətdə sizə istədiyiniz məbləğ verilməyəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Yəni bu əmsal nə qədər aşağı olsa bir o qədər şansınız artacaq. Deməli, indiki gəlirlər siz aylıq ödənişin ən çoxu 100 AZN olan həcmdə (bu halda BYG 50% olur) kredit götürə bilərsiniz. Bu əmsal bütün dünyada PTİ (payment –to-income) əmsalı adı ilə tanınır".

Mütəxəssis hesab edir ki, qaydada diqqəti çəkən məqamlardan biri də BYG müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər üçün annuitet qaydasında aylıq ödənişin hesablanmasıdır. Belə çıxır ki, kredit kart sahibi kredit üçün banka müraciət edəndə BHG hesablananda kredit kartındakı məbləğ nəzərə alınacaq:

"Yeni mexanizm kredit bazarına, bankların fəaliyyətinə, istehlakçıların kreditə əlçatanlığına təsir göstərək. Əsas zərbə istehlak kreditləşməsi bazarına dəyəcək. Qərar əslində Mərkəzi Bankın hazırda 38% paya malik olan istehlak kreditlərini məhdudlaşdırmaq planının tərkib hissəsidir. Bu, ilk addım deyil. Buna qədər bir sıra addımlar atılıb - pərakəndə ticarət obyektlərindən kredit verilişinin yığışdırılıb, arayış olmadan kredit verilməsi qadağan edilib və s.
 
İstehlak kreditlərinin həcminin getdikcə azalmasını müşahidə edəcəyik.
Əhaliyə təsiri:
- Əhalinin istehlak kreditlərinə əlçatanlığı azalacaq.
- Müştərini bir neçə bankın müştərisi olmaq imkanı məhdudlaşacaq. Artıq Kredit bataqlığına düşməyəcəklər.
Banklara təsiri:
- İstehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşacaq, gəlirləri kəskin azalacaq.
- Bankları istehlak kreditləşməsi bazarını tərk edərək real sektoru maliyyələşdirməyə sövq edəcək
- İstehlak kreditləri "mikrokreditləşəcək”, yəni mikrokredit adı altında istehlak kreditləşməsi aparılacaq
- Son zamanlar məhdudlaşan müştəri kontingenti daha da məhdudlaşacaq"
 
S.Əliyevin sözlərinə görə, Mərkəzi Bankın son addımları strateji baxımdan bank sektorunun dayanıqlığının artırılmasına yönəlsə də, indiki dövrdə banklar üçün başağrısı yaradacaq: "Kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların faiz gəlirləri azalacaq. Müştəri, xüsusilə də yüksək gəliri olan və bu gəliri rəsmi sübut edə bilən şəxslər uğrunda sərt rəqabət aparılacaq. Bütün bunların fonunda rəsmən elan edildiyi kimi kredit faizlərinin azalması baş verməyəcək. Bazar hələ də Mərkəzi Bankın tətbiq etdiyi faiz tavanına (29%-lik) tam adaptasiya oluna bilməyib. Üstəgəl kredit məbləğinin azalması banklara faizləri azaltmağa imkan verməyəcək. Bu qərarın əsas üstünlüyü gələcəkdə problemli kreditlərin yaranması ehtimalını azalacaq. Ancaq nəzərə almaq lazımdır ki, problemli kreditlərdə əsas üstünlüyü biznes kreditləri təşkil edir və bu kredit məhsulu yeni qaydanın hüquqi təsirinə düşmür", - deyə iqtisadçı əlavə edib.
 
ŞAHİN Həbibov
BAKU.WS