SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri davam etdirilməkdədir.


Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı Bərdə rayonunda yerləşən "Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi - mağaza müdiri İlqar Həsənov və Mingəçevir şəhərində yerləşən "Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyev tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, çörəyin qiymətini gizli artırmaq məqsədilə 1-ci və 2-ci növ buğda unundan hazırlanan çörəyin hazırlanması zamanı mövcud standartların tələblərinə əməl edilməyərək çörəyin çəkisinin azaldılmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan təqdim olunmuş materiallar əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlanıb, İ.Həsənov və R.Hacıyev şübhəli şəxs qismində saxlanıblar.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 saylı "Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.

Ziya Babayev
BAKU.WS