"İnsanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb".

BAKU.WS xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən 2-ci Qida Təhlükəsizliyi Konfransında bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan öz daxili istehsalı ilə insanları daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir:

"Nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır. Ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda, ölkəyə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olduğunu ciddi şəkildə təmin etmək kimi vacib problemi də ortaya qoyur. Bu mənada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür".

O qeyd edib ki, Azərbaycanın həm daxili istehsal nəticəsində, həm də ölkəyə kənardan gələn məhsulların daha ciddi standartlara uyğun şəkildə daxil olması normalarını müəyyənləşdirmək əsasında vətəndaşların təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcəyinə inandığını deyib:

"İnsanlarımız bu baxımdan hər hansı nigarançılıq yaşamağa məcbur olmayacaqlar. İnsanlar arasında qidaların standartlara nə dərəcədə uyğun olması, başqa ölkələrdən gətirilən qidaların nə dərəcədə sağlam olması ilə bağlı müxtəlif fikirlər dolaşır. Qida təhlükəsizliyi ilə bağlı insanların daha ətraflı şəkildə məlumatlandırılması, müzakirələrin aparılması bu məsələlərə aydınlıq gətirə bilər".

Fərid Ədalət

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ