Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd etməsindən sonra məsələ ətrafından ajiotaj yaranıb.

BAKU.WS xəbər verir ki, hadisədən bir neçə gün sonra şagirdin valideynləri məktəbdə müəllimələrlə görüşməyə çalışıblar. Görüşü çəkməyə çalışan jurnalistlərlə birlikdə uşağın valideynlərini məktəbə buraxmayıblar. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.

Daha sonra intihara cəhd edən Fatimə Əliyeva mətbuata verdiyi açıqlamada bildirib ki, təhsil aldığı 109 saylı orta məktəbdə müəllimələri onu incidiblər.

O bildirib ki, ibtidai sinfi bitirib 5-ci sinifə keçən zaman müəllimlər onunla pis davranmağa başlayıb:

"Müəllimlər uşaqlar arasında ayrı seçkilik edirdi. Varlı ailənin şagirdləri ilə yaxşı davranırdı. Onlara qızım, oğlum, canım, ürəyim deyə müraciət edirdi. Mən kasıb ailədənəm deyə mənimlə pis davranıb, əynimdəki paltarlara ilişirdi.

Mənim əynimdə "kalkotqa" yox idi deyə hamının içində məni təhqir edirdi. Mənim üstümə gülürdülər”.

Məsələyə aydınlıq gətirmək üçün məktəb rəhbərliyilə əlaqə saxladıq.

Məktəb direktoru Füzuli Xudiyev BAKU.WS-ə açıqlamasında məktəb haqqında səslənən ittihamların həqiqətə uyğun olmadığını bildirdi. Məktəb direktoru baş verənləri belə xatırlayır:

“Bu hadisə aprel ayının 30-da baş verib. Həmin gün axşam saat 20:30-da V sinif şagidi Fatimə Əliyevanın atası Şamxal mənə zəng vurdu. Şamxal bildirdi ki, qızım dərmandan zəhərlənib.

Dedim ki, “mən də gəlim ora”. Dedi ehtiyac yoxdur, lazım olsa çağıraram.

Həmin gün hardasa saat 21 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən zəng vurdular ki, sizin məktəbin şagirdi Fatimə Əliyeva atasının psixotrop dərmanlarını qəbul edib. Bu səbəbdən də, məni bölməyə dəvət etdilər.

Əvvəlcə polis bölməsinə, daha sonra xəstəxanaya getdim.  Fatiməni xəstəxanada gördüm. Sistem qoşulmuşdu, qanını təmizləyirdilər. Həkimilə də danışdım.

Bir gün sonra yenidən Şamxal ilə görüşdüm. Uşağın halını soruşdum. Həmin vaxt bildirdi ki, Fatimənin müəlliməsi Nigar Məmmədova onun gündəliyinə yazıb ki, uşaq dərsə hazır deyil.

Digər müəllimə Bahar Haqverdiyeva da Fatimənin gündəliyinə 2 yazıb. Bu səbəbdən də, qız özünü öldürmək istəyib.

Dedim “ay qardaş, müəllimə gündəliyə nə yazmalıdır axı?. Uşaq hazır olanda yaxşı qiymət yazılır, dərsə cavab verməyəndə 2 yazılır da”. Daha sonra Şamxala bildirdim ki, bu qız uşağıdır, onun haqqında intiharla bağlı xəbər yazdırmaq düzgün deyil”, - deyə məktəb direktoru bildirib.

Füzuli Xudiyev deyir ki, Fatimə xəstəxanadan çıxandan sonra nazirliyin işçiləri və müəllimlərlə birlikdə onu görməyə gediblər. Həmin vaxt da Şamxal ilə məktəb direktoru məsələ barədə ətraflı danışıb.

KİV və sosial şəbəkələrdə yayılan videoya gəlincə, Füzuli Xudiyev deyir ki, məktəbə gələnlər çəkiliş üçün deyil, məhz dava salmaq üçün gəliblər:

“Həmin vaxt mənə dedilər ki, məktəbə çəkiliş gəlib. Dedim ki, hələlik çəkiləsi bir şey yoxdur. Qoy Fatimə tam düzəlib, məktəbə gəlsin və adaptasiya olunsun. Sonra gəlib çəkərlər.

Vallah o hərəkəti etmək yaxşı iş deyil. Məktəbə gəlib, çəkişliş adı ilə qışqır-bağır salmaq düz deyil. Hay-küydən məktəbdəki uşaqlar qorxuya düşmüşdülər.

Mən də, dərhal polisin “qaynar xətti”nə zəng vurdum. Müraciətdən dərhal sonra 24-cü polis bölməsinin əməkdaşları əraziyə gəldilər. Məktəb tədris müəssisəsidir.

Təhsil müəssisəsində əgər problem varsa, onu normal şəkildə düzəltmək lazımdır. Sizli-bizli buna çalışmalıyıq. Lakin dərs prosesini pozmaq. Təhsil sistemini dağıtmaqla heç bir problemə aydınlıq gətirmək olmaz.

Həmin gün polislərə də izahat verdim. Bildirdim ki, bura dövlət müəssisəsidir. Atamın evi deyil, özəl məktəb deyil. Təhsilə birbaşa təxribatdır.

İkincisi də, cəmiyyətimizə təxribatdır. Axı təhsildən anlayışı olmayan biri necə məktəbdə çəkiliş apara bilər? Belə olmaz axı. Nöqsan olsa da belə, onu normal şəkildə araşdırmaq lazımdır.

İndi ola bilər ki, Şamxal əsəbi olub. Hissiyata qapılıb. Onu hardasa başa düşmək də olar. Amma onun ətrafındakı insanlar niyə belə təxribat edir?”

Füzuli Xudiyev onu da vurğulayıb ki, məktəbin şagirdi Fatimə normal təhsil alır.

“Müəllimələrinin deməsinə görə, Fatimə Əliyeva normal oxuyan şagirddir. Fatimə Əliyevanin sinif yoldaşları da ona münasibəti yaxşıdır. Onu bir neçə dəfə yoluxublar. Fatiməni heç kim incidə bilməz.

İndiyə qədər də ona heç kim pis söz də deməyib. Qız da çox yaxşı uşaqdır. Lakin birbaşa atasının təsiri altına düşüb”.

Yayılan videoda dava salan məktəbin müəllimi Gülnaz Kərimova isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, əslində Fatiməyə dərs deməyib. Həmin davaya isə qarışmasının səbəbi bu olub:


“Mən Fatimə Əliyevaya dərs deməmişəm. Lakin onun atası Şamxal Əliyevi yaxşı tanıyıram. Onun rəhmətlik anasını da tanıyırdım. Çox gözəl insan idi. Həmin gün onu yaxşı tanıyan adam kimi Şamxala yaxınlaşdım. Dedim ki, şikayət etmisən, gözləmək lazımdır. Axı məktəbdə şikayətə baxmırlar.

Onlar məktəbə gələn vaxt ibtidai sinifin dərsləri bitmişdi. Uşaqları evlərinə yola salırdım. Uşaqlar dəhlizdə hay-küydən qorxdular. Mən də məhz bu səbəbə görə məsələyə müdaxilə etdim.

Şamxal ilə normal tərzdə danışamaq istəyirdim, lakin o, mənim üstümə cumdu. Polis onu çölə çıxardı. O da, söyə-söyə çölə çıxdı. Bizi söydü, rüşvətxor dedi. Mən o vaxt çölə çıxdım və həmin vaxt videodakı mənzərə yaşandı”, - deyə Gülnaz Kərimova bildirib.

Məktəb müəllimi baş verənlərdən üzüldüyünü bildirib:

“Videoda göstərilənlər baş verənlərin əslini əks etdirmir. Orada mənim sözümü kəsiblər. Ona dedim ki, ay Şamxal axı sənin rəhmətlik anan min zəhmət və əziyyətlə sizi böyüdüb.

Toyuq satmaqla sizi böyüdüb, sən də belə insanlara şər atırsan. Mənə qayıtdı ki, “anam toyuq satmaqla uşaqlarını böyüdüb, sən isə fahişəlik edirsən”. 

Həmin videoya bütün Azərbaycan baxdı. Özümə də həmin hadisə çox pis təsir etdi. Bir daha deyirəm ki, həmin vaxt mən dava etməyə çıxmamışdım, sadəcə Şamxalı tanıdığım üçün onu sakitləşdirməyə çıxmışdım.

Mən də istəmirdim ki, o mənzərə alınsın. Biz də insanıq, əsəblərimiz var. Jurnalist də orada qışqıra-qışqıra danışırdı. Elə an yarandı ki, özümü saxlaya bilmədim. Dediklərimi danmıram. Toyuq satmaq pis şey deyil”.

Fatimə Əliyevanın müəlliməsi və sinif rəhbəri Bahar Haqverdiyeva BAKU.WS-ə açıqlamasında şagirdinin intihara cəhd etməsinə inanmadığını deyib.

“Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyirəm. Mehriban və sakit uşaqdır. Onun özünə qəsd etmək istəyi hamımızı təəccübləndirdi. Dərslərini bildiyi vaxt da olub, bilmədiyi də.

Axırıncı dəfə mürəkkəb sözləri keçirdik. Fatimə Əliyeva da bir neçə sözü səhv yazmışdı. Ona bilmədiyi sözləri başa saldım. Bu hadisə aprel ayının 20-də olub. Həmin dərsdən 3 almışdı”, - deyə Bahar Haqverdiyeva bildirib.

Hadisədə adı şagirdlərinə qarşı ayrı-seçkilikdə hallanan məktəbdə informatika dərsini tədris edən Nigar Məmmədova BAKU.WS-ə bildirdi ki, Fatimə tərbiyəli və mehriban şagirddir.

Nigar Məmmədova hadisə baş verən günü belə xatırladı:

“30 aprel hadisənin baş verdiyi vaxt, həftənin ikinci günü mənim informatikadan dərsim idi. Uşaqları sual-cavab edirdim. Bir anlıq Fatiməyə gözüm sataşdı. Başını aşağı salmışdı. Onu lövhəyə çağırdım. Onunla birlikdə dərsi başa düşməyən digər şagirdləri çağırdım.

Sonra Fatimənin dəftərinin olmadığını gördüm. Ona dedim ki, nəsə götür, yaz boş dayanma. Getdi bir vərəq götürdü və yazmağa davam etdi.

Sonra Fatimənin gündəliyini götürdüm və ora qeydimi etdim. Həmin gün bir neçə uşaq dərsə hazır deyil. Dərs başa çatdı. Onların sinif rəhbəri Bahar müəllimə evə getmişdi.

Belə olanda, həmin sinifin uşaqlarına mən nəzarət edirəm. Ona görə də, Fatimə mənə yaxınlaşdı və özünü yaxşı hiss etmədiyini bildirdi. Evə getmək istədiyini bildirdi. Ona qaynanmış su verdim.

Azyaşlı şagirdləri tək evə buraxmaq olmaz. Ona görə də, Fatimədən ana və ya atasının məktəbə gəlmək imkanlarının olub-olmadığını soruşdum. Bildirdi ki, valideynləri işdədir.

Bir neçə dəqiqə sonra dedi vəziyyətim yaxşılaşdı və növbəti dərsə girdi. Həmin dərs bitəndən sonra bir daha Fatimənin vəziyyətilə maraqlandım. Hər şeyin yaxşı olduğunu bildirdi.

Sonuncu dərs bitəndən sonra mənimlə normal şəkildə sağollaşdı. Onlar evlərinə getdilər. Həmin gün, axşam saat 9-un yarısında Fatimənin anasından zəng gəldi. Bildirdilər ki, Fatimənin halı pisdir. Yəni həmin gün Fatiməni sağ-salamat evə yola salmışıq”.

Nigar Məmmədova deyir ki, Fatimə və digər şagirdlərlə həmişə münasibətim yaxşı olub:

“Heç vaxt şagirdlər arasında ayrı-seçkilik etməmişəm. Nazirliyin nümayəndəsi, məktəbin digər müəllimələrilə onlara getdik. Fatimə üstümə qaçdı, məni qucaqladı. “Müəllimə sizin üçün çox darıxmışam” dedi. Bildirdi ki, çox peşmandır”.

Ziya SƏCCAD

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ