Bakıda mənzilini satmaq istəyənlər vergini müəyyən olunmuş qaydalara uyğun olaraq hesablayacaqlar. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə qeyd edilib. Yeni dəyişikliklərə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır.
 
Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, sadələşdirilmiş vergi məbləğinə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq ediləcək.
 
Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, 2-ci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci, 8-ci cə 9-cu zonalar üçün 1,5, 10-cu, 11-ci və 12-ci zonalar üçün isə 1,2-dir.
 
Məsələn Bakıda 1-ci zonada hər hansı fərdi şəxs mülkiyyətində olan 60 kvadratmetr mənzilini satarkən 3600 manat (60kv.m*15AZN*4=3600 manat), 12-ci zonada hər hansı fərdi şəxs 60 kvadratmetr mənzilini satarkən 1080 manat (60kv.m*15AZN*1,2=1080 manat) vergi ödəməlidir. 
 
Nazirlər Kabineti sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini təsdiq edib. 12 zona bərədə bu linkdən tanış ola bilərsiniz.

Şahin Həbibov
BAKU.WS