SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binaları bərbad gündədir. Əsasən Sovet dönəmində tikilib istismara verilən binalar uçulub-sökülür. Lakin heç bir qurum buna əncam etmir.


Bu barədə qəsəbə sakinləri BAKU.WS-ə şikayətlərində bildiriblər. Onların sözlərinə görə, dəfələrlə yaranmış problemlərlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, heç bir tədbir görülməyib. Asəf Zeynallı küçəsinin sakinləri yaşadıqları binalarda kanalizasiya, dam örtüyünün dağılması, bloklarda elektrik xətlərinin təhlükəli vəziyyətdə olması və s. məsələlərdən şikayətlənirlər. 

 

 

"Bizim binalar problemlidir. Zirzəmi su ilə doludur. Binanın damı dağılır. Bir çox problemlər var. Bələdiyyədən deyirlər ki, sizin binalara biz baxmırıq. 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən isə problemlə maraqlanmırlar. Yalnız lazm olanda, sənəd verirlər. Lakin bələdiyyənin ümumiyyətlə bizim binalara heç bir dəxli yoxdur. Sadəcə hər iki qurum ancaq pul tələb etməyi bilir”, - deyə qəsəbə sakinləri şikayətlənib. 

 

 

Qəsəbə sakinləri bildirirlər ki, dövlət qurumları problemin həllində bir araya gəlmək əvəzinə, məsuliyyəti bir-birilərinin üzərinə yıxırlar. Məsələ ilə bağlı Biləcəri bələdiyyəsilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Sahib Nağdəliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, hələlik qurum əhaliyə istənilən xidməti göstərə bilmir. Bunun səbəbi isə bələdiyyənin büdcəsinin kasad olmasıdır.

"Əhali fikirləşir ki, ildə 10 manat verməklə bütün problemlər həll olunacaq. Bu mümkün olan şey deyil. Gərək bələdiyyənin büdcəsi dolsun ki, lazımı xidmət göstərilsin. Çox təəssüf ki, tələb olunan vəsait ödənilmir. Bizim də təsir mexanizmimiz yoxdur. Vətəndaşdan pulu almaq üçün onu yalnız məhkəməyə verməliyik. İndi durub bütün əhalini 10 manata görə məhkəməyə verək?”, - deyə Sahib Nağdəliyev vurğulayıb.

Maraqlıdır ki, vətəndaş bələdiyyələrlə yanaşı Mənzil Kommunal İstismar Sahəsinə niyə ödənişlər edir? Suala cavab verərkən 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nazim Rüstəmov BAKU.WS-ə açıqlamasında əhalidən xidmət haqları yığdıqlarını bildirib.

"Bizim əməkdaşlarımız əhaliyə xidmət göstərirlər. Hələlik "jek”lərin ləğv edilməsilə bağlı qərar qəbul edilməyib. Zibilin atılması, ərazilərin süpürülməsi, təmizlənməsi bizim əməkdaşlarımız tərəfindən həyata keçirilir. "Qonşu yaxşı olsa, kor qız ərə gedər”. Onlar da əhalidən pul yığmaqdan ötrü deyirlər ki, "jek”lərə pul verməyin. Biz qanuni yolla ödəniş alırıq, qəbzi də veririk. Azərbaycanda hərə öz maraqlarını qorumaq üçün nağıl danışır”, - deyə Nazim Rüstəmov bildirib.

Əslində belə problemlərdən təkcə Biləcəri sakinləri deyil, bütün paytaxt sakinləri şikayətlənir. Vətəndaşların problemləri həll edilmir, əksinə həm "jek”, həm də bələdiyyələr camaatdan eyni anda pul tələb edirlər.

Ekspertlər də əmlak vergisi ilə paralel ev pulu yığılmasını düzgün saymır. Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, əslində bələdiyyələrin binada yaşayan vətəndaşlardan pul tələb etməyə ixtiyarı yoxdur. 

 


"Bələdiyyələr ancaq şəxsi evlərdən vergi ala bilərlər. Baxmayaraq ki, binadakı mənzillər özəlləşdirilib, lakin bu torpağın üzərində deyil. Vətəndaş həm bələdiyyəyə, həm də komunnal idarələrinə pul ödəməməlidir. Bu vətəndaşların hüquqlarını pozur. Əhali yalnız onlara xidmət göstərən quruma pul verməlidir”, - deyə Vahid Əhmədov vurğulayıb.

Məsələ ilə bağlı hüquqşünaslar deyir ki, əslində sakinləri bələdiyyəyə vergi verməsi barədə hüquqi qanun var. Mövcud qanunvericiliyə görə, fiziki şəxslərin əmlak vergisinə cəlb edilməsi məqsədləri üçün binaları dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür.

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə problemi bələdiyyələri vəzifə və səlahiyyətlərinə əməl etməməsi izah edir. Onun sözlərinə görə, əslində MİS-lər yox, bələdiyyələr kommunal xidmətləri həyata keçirməlidir. 


 

"Bizim evə də bələdiyyədən gəlib pul istəyirdilər. Mən onları yola salıram. Çünki biz pulu MİS-lərə veririk. Amma əslində bələdiyyələr yığmalıdır. MİS-lər də ləğv olunmalıdır. Əhaliyə xidməti də bələdiyyələr həyata keçirtməlidir. Lakin indi sənədləri də MİS-lər verir. Gərək MİS-lər ləğv olunsun, bütün səlahiyyətlər və xidmətlər bələdiyyələrə verilsin. Bu zaman bələdiyyə xidməthaqqı yığa bilər”, - deyə Oqtay Haqverdiyev vurğuladı.

Ziya Babayev 

BAKU.WS