SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda geniş xidmət sferasına malik olan "KATV- 1” kabel televiziyası qiymətlərini qaldırıb.

Bu barədə BAKU.WS-ə sakinlər məlumat veriblər. Onların sözlərinə görə, şirkət xidmət haqqını 5 manat dəyərində bahalaşdırıb.

"Əvvəllər internetlə televiziya xidməti üçün ayda 22 manat ödəyirdim. Sonra bu məbləğu 23 manata qaldırmışdılar. Yeni ildən deyirlər ki, 28 manat ödəməlisiz. Deyirlər ki, dollar manata nisbətən bahalaşıb. Şirkət xərcləri dollarla ödədiyi üçün onun dəyəri qalxıb”, - deyə Vahid Məmmədov adlı istifadəçi bildirib.

Məsələni dəqiqləşdirmək üçün "KATV-1” şirkətilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə xidmət haqqının həqiqətən də 5 manat bahalaşdığını bildirdilər.

"Əgər əvvəllər internet və televiziya kanalları üçün ümumilikdə 23 manat tələb olunurdusa, indi 28 manat ödəmək lazımdır”, - deyə şirkətdən bildirdilər.

Xidmət haqqının nə səbəbdən bahalaşmasını isə belə izah etdilər: "Əslində bu bahalıq deyil. Əvvəllər şirkət internet və televiziya kanallarından birlikdə istifadə edən abonentlərə endirim edirdisə, indi bu endirimi götürmüşük. Bu səbəbdən kanallar üçün 10 manat, internet xidməti üçün 18 manat ödəmək lazımdır. İstər tək, istərsə hər iki xidmətdən istifadə edənlərə güzəştlər olmayacaq”.

Endirimlərin dayandırılmasının səbəbini isə şirkətdən açıqlamadılar: "Bu kommersiya sirri olduğu üçün bu barədə açıqlama vermirik”.

Qeyd edək ki, şirkətlə abonentlər arasında müqavilə bağlanarkən endirim barədə heç bir məlumat verilməyib. Sadəcə xidmətin qiyməti yazılırdı. Sonradan şirkət endirim bəhanəsi ilə xidmət haqqını birdənbirə təxminən 20 faiz qaldırıb. Bu bahalaşmanı isə endirim adı altında gizlətməyə çalışırlar.

BAKU.WS