Tanınmış jurnalist və hüquq müdafiəçisi Azər Həsrət sosial şəbəkələrdə etdiyi paylaşımla böyük qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, jurnalist Azərbaycanda rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini bildirib. Onun bu sözləri sosial şəbəkələrdə kəskin müzakirələrin yaranmasına səbəb olub.


“Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm.

Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”, - deyə jurnalist yazıb.

Azər Həsrətin bu fikirləri böyük narazılıqlara səbəb olub. Onun yazdıqları tanınmış şəxslər və ziyalılar tərəfindən tənqidə məruz qalıb.

Azərbaycanın Xalq artisti Rasim Balayev BAKU.WS-ə bildirib ki, təhsil almaq istəyənlər üçün rus dili daha əhəmiyyətlidir.


“Biz elə dövrdə yaşamışıq ki, rus dili bizim üçün əhəmiyyətli olub. Arzu edərdim ki, indiki cavanlar xarici dilləri yaxşı bilsinlər. Həm rus, həm ingilis və s. dillərini iblmək dünya görüşü artırır. Rus dilində böyük ədəbiyyatlar var. Oxumaq istəyənlər üçün bu dil əhəmiyyətlidir.

Deməzdim ki, rus dilində təhsil alan uşaqlar tərbiyəsizdir. Bu bölmədə təhsil alanların barlarda, restoranlarda, gecə klublarında vaxt keçirməsi fikiri absurddur. Bu onunla bağlı deyil. Nə olsun uşaq rus dilində təhsil alır, bu o demək deyil ki, həmin gənc pozğunluğa doğru gedir.

Birinci növbədə ana dilini gözəl bilmək lazımdır. Onunla bərabər rus və digər dilləri bilmək mütləqdir. Birinci öz dilimizə hörmət etməliyik. Bu dilləri bilməyəndə dünya çapına çıxmaq olmur, dünya ədəbiyyatlarını bilmək olmur.

Bir dəfə küçədə iki Azərbaycanlı oğlanın ingilis dilində danışdığını gördüm. Çox xoşum gəldi. Bu yaxşıdır. Bəzən elələri də olur ki, nə rus dilində normal danışırlar, nə də Azərbaycan dilində danışa bilirlər”, - deyə Rasim Balayev bildirib.

Məsələ ilə əlaqədar millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq. Fazil Mustafa BAKU.WS-ə bildirdi ki, bu fikirlərin səslənməsinin heç bir əsası yoxdur.

“Azər Həsrətin hər hansı bir fikrinə müdaxilə eləmək istəmirəm. Bu onun dünya görüşüdür. Amma mənim düşüncəm fərqlidir. Ümumiyətlə mühitin dəyişməsinə ehtiyac var.

Yəni gecə klubları, qəlyanxanalar məktəbin yaxınlığından yığışdırılmalıdır. Məktəblilərin ora baş çəkməsinin qarşısı alınmalıdır.

Bütün problemlər rus dili ilə bağlı deyil. Əxlaqsızlıq, narkomaniya yayılırsa, bu rus dili bölməsinin günahı deyil. Buna görə bölgələrdə tutulan azərbaycanlılar rus bölməsini bitirənlər deyil.

Ümumiyyətlə bölgələrdə rus bölməsi istənilən səviyyədə deyil. Təbii ki, barlara baş çəkənlər arasında hər bölmədə təhsil alan uşaqlar ola bilər”.

Məsələyə Xalq artisti Faiq Ağayev də münasibət bildirib. O, qeyd edib ki, A.Həsrətin bu fikirləri heç bir çərçivəyə sığmır.


“Adam nə qədər primitivçiliyin dibinə düşübsə, çabalamağını "mücadilə" hesab edir”, - deyə F.Ağayev bildirib.

Xalq artisti məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Sayğıdəyər Əflatun Amaşov.

- yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını,

- hərcmərlik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs - Azər Həsrət - iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür.

Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız.

Qeyd etdiyim üzqaraldan bəyanat barədə mövqe bildirməyinizi sizdən rica edirəm”, - deyə Faiq Ağayev bildirib.

Cavid Babayev
BAKU.WS

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ