Ötən gün Təhsil Nazirliyi 162 nömrəli məktəbdə canına qıyan 8-ci sinif şagirdi Elina ilə bağlı mətbuat konfransı keçirib.

Nazirliyin mətbuat konfransında ancaq əvvəlcə hazırlanmış siyahı əsasında jurnalistlər iştirak edib. Nazir Ceyhun Bayramov əvvəlcədən hazırlanmış mətni oxuyaraq jurnalistlərin suallarına cavab vermədən zalı tərk edib.

Elinanın intiharından sonra cəmiyyətdə yaranmış ajiotaj və çoxsaylı suallar fonunda nazirin jurnalistlərin suallarına cavab verərək qaranlıq məqamlara aydınlıq gətirəcəyini gözləmək olardı.

Ancaq bu baş vermədi. Bu mətbuat konfransında sadəcə olaraq əvvəlcədən 162 saylı məktəbin direktoru Sevins Abbasovanın işdən çıxarılması haqda yayılan söz-söhbəti rəsmən təsdiqlədi. Bir çox suallar isə yenə də açıq qaldı.

Nazirliyin açıqlamasında deyilir ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Sual olunur əgər 162 nömrəli məktəbin bu işlərə cavabdeh şəxsləri işlərini görməkdə səhlənkarlıq ediblərsə Nazirliyin bu əməkdəşların işinə nəzarət etməli olan şöbəsi bunu vaxtında müəyyənləşdirərək niyə tədbir görməyib?

Çox istərdik ki, bu və digər sualları dünənki mətbuat konfransında nazirin özünə ünvanlayaq. Ancaq mətbuat konfransının formatı həmin sualları yenə də açıq saxlamış oldu. Halbuki sual-cavab şəklində keçirilən konfransla nazir açıq qalan sualların cavabını verərək məsələ ətrafında ajiotajı bir qədər səngidə bilərdi. Necə ki, bir müddət əvvəl yanğın baş verən "Diqlas" ticarət mərkəzinin narazı sahibkarları İqtisadiyyat Nazirliyində qəbul edilərək suallara aydınlıq gətirildi. Təhsil Nazirliyi də buna bənzər addım ata bilərdi. Hətta valideynlərlə görüş keçirilə bilərdi. Onları narahat edən məsələlər müzakirə edilə bilərdi. Çox addım atmaq olardı. Atılmadı. Dünənki mətbuat konfransı isə vəziyyətdən çıxış yolu deyildi. Sualsız mətbuat konfransı nazirin monoloqu ilə müşayiət olundu. Belə hallarda isə adətən dialoq problemlərin həllinə kömək olur. Jurnalistlər və valideynlərlə dialoq. Dialoq isə olmadı. Monoloq oldu. Ümid edirik ki, Elinanın taleyini digər uşaqlar yaşamayacaqlar. Müvafiq qurumlar işlərinə daha məsuliyyətlə yanaşacaqlar. Körpə Elinanın acı taleyi hamımız üçün dərs olacaq. Buna çox ümidliyik. 

Azad Əliyev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ