"Manatın arxasında neft dayanır. Mərkəzi Bankın etdiyi dəyişikliklər onu deməyə əsas verir ki, yanvar ayının axırına kimi ciddi devalvasiya olmayacaq. Hardasa dollar 1,65 manat civarında formalaşacaq".
 
BAKU.WS xəbər verir ki, bunu aznews.az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 4 faiz səviyyəsində banklara icazə verib və bununla da AMB valyuta dəyişmə məntəqələrini ləğv etmək fikrindədir.
 
"Mərkəzi Bankın bir məqsədi var - bütün valyutalar yalnız banklarda dəyişdirilsin və "qara bazar" yığışdırılsın. Bütün bu addımlar cəmiyyətdəki ajiotajı aradan qaldırmağa köklənir”.

V.Əhmədov buna baxmayaraq, yumşaq devalvasiyanın getdiyini də gizlətməyib: "Proses gedir. Əvvəl dollar 1,55, indi isə 1,56 manatda dayanıb. Yavaş-yavaş artım gedir. Amma buna səbəb həm də valyuta dəyişmə məntəqələridir. Onlar istədiyini edirlər. Heç bir normal dövlətlərdə belə valyutadəyişmə məntəqələri yoxdur. Bunlar hamısı bankların tərkibindədir. Banklar da buna görə məsuliyyət daşıyır. Mərkəzi Bank da pul-kredit siyasətinə cavabdeh bir orqandır. O, valyutadəyişmə məntəqələrinə "koridor” verib. Bundan kənarda nə edirlərsə, bu artıq cinayətdir”.
 
BAKU.WS