SİZİN REKLAM BURADA!
055 213 76 73



Karate idman növü üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev "Bizon" brendinin siması seçilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı "JW Marriott Absheron" otelində təşkil olunan tədbirdə hər iki tərəf - Rafael Ağayev və "Bizon" brendinin layihə rəhbəri Ceyhun Hüseynov arasında müqavilə imzalanıb.


C. Hüseynov məhz R. Ağayevi "Bizon" brendinə sima seçməklərini belə izah edib:

"Seçimimizi etməzdən əvvəl mövzu ilə bağlı bir çox sorğular keçirdik və rəy topladıq. Yekun olaraq hamımızın fəxri olan Rafael Ağayevi marka siması seçdik və bu gün sizin qarşınızda qarşılıqlı əməkdaşlıq müqaviləsini imzaladıq. Bildiyiniz kimi, Rafael Ağayev karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionudur. Biz karate idman növü üzrə ölkəmizin və dünyanın ən güclü idmançısı olan Rafael Ağayevi seqmentinin ən güclü içkisi olan "Bizon" markası ilə "Güc məndədir" reklam konsepsiyası altında birləşdirdik. Ümid edirik ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Onu da bildirmək istəyirəm ki, hazırda bütün dünyada sağlam həyat tərzi trendə çevrilib. Biz də öz növbəmizdə bu trendlə ayaqlaşırıq və yenilənirik. Məhsullarımıza idman və sağlam həyat tərzi nəfəsi gətiririk. Rafael Ağayevlə əməkdaşlıq da bu yenilənmə prosesisinin vizual tərəfini əks etdirir".


R. Ağayev də öz növbəsində bu əməkdaşlıqdan məmnun olduğunu bildirib:

"Təklifi eşidəndə özümə də çox xoş oldu. Şükürlər olsun ki, bir-birimizi başa düşdük və razılığa gələ bildik. Həqiqətən də çox şadam ki, "Bizon" brendi ilə əməkdaşlıq edəcəyəm. Hər kəsə təşəkkür edirəm".


"Bizon" brendi 2015-ci ildə yaradılıb və qısa bir dövrdə böyük inkişaf yolu keçib. Bu inkişaf "Avrora" şirkəti tərəfindən yürüdülən düzgün satış strategiyası nəticəsində əldə edilib. Şirkətin peşəkar işçi heyətinin göstərdiyi xidmət sayəsində məhsullar geniş istehlakçı kütləsi tərəfindən böyük maraqla qarşılanır və sevilir. Bazarda bu məhsul kateqoriyasında olan çətin rəqabət şəraitinə baxmayaraq, "Bizon" brendi hər keçən il bazar payını, satışlarını artırmaqda davam edir. Məhsullar dünya standartlarına uyğun şəkildə yüksək ixtisaslı istehsalat mütəxəssisləri tərəfindən hazırlanır. Brendin məqsədi Azərbaycan istehlakçısına ən münasib qiymətə yüksək keyfiyyətdə məhsul təqdim etməkdir. Bu gün istehlakçıların "Bizon" içkilərinə olan böyük marağı şirkətin hədəflərinə doğru düzgün irəlilədiyindən xəbər verir.

Daha sonra Rafael Ağayevin iştirakı ilə çəkilmiş reklam çarxı nümayiş etdirilib. Sonda Rafael Ağayev tədbir iştirakçıları ilə şəkil çəkdirib və onlara imza paylayıb. 

Hüseyn Məmmədsalahov
BAKU.WS