Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı təsdiq edib.

BAKU.WS xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilsin", - deyə qərarda bildirilir.

Trend-də təsdiq edilən qərarda nəzərdə tutulanlarla bağlı bəzi məqamlara aydınlıq gətirilib. Tələblərə əsasən, avtobuslar üçün müəyyən edilən cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir.

Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir.

Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır.

Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir.

Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır.

Dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır. Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun yulmamasına yol verilir.

Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır.

Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.

Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır.

Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır.

Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər.

Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır.

BAKU.WS