SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda əhali kütləvi şəkildə banklara və valyutadəyişmə məntəqələrinə axın edir.

 

BAKU.WS-in məlumatına görə, insanlar növbələrə duraraq əllərindəki manatı dollara çevirməyə çalışırlar. Xüsusilə 28 May küçəsi ətrafındakı valyutadəyişmə məntəqələrində canlanma müşahidə edilir. AMB-in açıqladığı rəsmi dollar məzənnəsi bu gün üçün 1,5599 olaraq açıqlanıb. Ancaq valyutadəyişmə məntəqələrində hazırda 1 dollar 1,72 AZN-ə satılır, avro isə 2 manata çatıb. 

 

 

Ölkədə valyutadəyişmə məntəqələrinin ləğv edilməsi bizə nə verəcək?

 

Ölkədə 2 mindən çox valyutadəyişmə məntəqəsinin bağlanması təklif olunur. Ancaq burda bir məqam var. Kapital axınını azaltmaq östəyən AMB-in bu qərarı minlərlə insanın işsiz qalmasına gətirib çıxaracaq. Orta hesabla bir valyutadəyişmə məntəqəsində 2-3 nəfər çalışır. Həmin şəxslərin ailə saxladığını nəzərə alaraq kiçik bir hesablama aparsaq ortaya maraqlı rəqəm çıxır. Valyutadəyişmə məntəqələrində çalışan 5-6 min civarında vətəndaş var. Onların hər birinin ailəsi orta hesabla 3-5 nəfər təşkil edir. Nəticə etibarı ilə 5-6 min insanın işsiz qalması faktiki olaraq 15-20 min ailənin çörəksiz qalmasına səbəb olacaq. 

  

Mərkəzi Bank valyutadəyişmə məntəqələrini niyə bağlamaq istəyir?

 

AMB ilk devalvasiyadan sonra ölkədə valyuta tənzimlənməsi qaydalarına dəyişiklik etməli idi. Hazırda ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin heç də hamısı banklarla əlaqəli deyil. Vəziyyət sabit olduğu dövrdə heç bir problem yox idi. Ancaq indiki məqamda valyutadəyişmə məntəqərinin sahibləri vəziyyətdən istifadə edərək qazanc əldə edirlər. Hazırki vəziyyətdə valyutadəyişmə məntəqələrinin bağlanmasından başqa yol yoxdur. Amma təbii ki, bu addım bir növ sahibkarların fəaliyyətinə müdaxilədir. Təəssüf ki, ölkədə dollar ajiotajı AMB-in belə bir addımı atmağa məcbur edir.
 
Əhali banklara və valyutadəyişmə məntəqələrinə niyə axın edir?
 
Hazırda kütləvi şəkildə manat kütləsi dollara çevrilərək ya ölkədən çıxarılır, ya da ən yaxşı halda ölü kapitala çevrilir. Ölkədə güclü kapital axını var və bu, manata əlavə təzyiq yaradır. Kapital axının yaxın aylarda da davam edəcək. İlin sona çatması, yəni büdcə ilinin bağlanması fonunda dövriyyəyə böyük həcmdə manat kütləsinin buraxılması və həmin vəsaitin dollara çevrilməsi bazarda yaşıl pula tələbatı artırıb. Nəticə etibarı ilə manata inamı azalan vətəndaş özünü sığortalamaq üçün xarici valyutaya maraq göstərir. Bununla yanaşı, cəmiyyətdə dolların bayram günlərində 2 manata qədər bahalaşması ilə bağlı panikanın yayılması da kapital axınını artırıb. Bununla yanaşı, bir neçə bankın dolların məzənnəsini 1,60 civarına salması əhalinin həmin banklara üz tutmasına səbəb olub. Nəticədə banklar qarşısında uzun növbələr yaranıb.
 

  

Azərbaycan Mərkəzi Bankı bayram günlərində işləyəcəkmi? 

AMB əhaliyə müraciət edərək bildirib ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar. Bununla əlaqədar bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib. Bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib. 
 
Şahin Həbibov
BAKU.WS