Bu gün səhər saatlarında 551 saylı sərnişin avtobusu qəzaya uğrayıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, içərisində sərnişin dolu avtobus yüksək sürətlə gedərkən sürücü idarəetməni itirib. Nəticədə avtobus qarşıdakı TIR-a çırpılıb.

Bildirilir ki, qəza nəticəsində 10-dan çox yaralanan olub.

Hadisə barədə ətraflı məlumat almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirdi ki, yol qəzası bu gün səhər saatlarında baş verib.

“Həmin avtobusun əyləc sistemi işləməyib və nəticədə maşın qarşıdakı yük avtomobilinə çırpılıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Əslində deyildiyi kimi avtobusun sürəti çox olmayıb”, - deyə N. Allahyarova bildirib.

Qurum rəsmisi deyir ki, N. Allahyarova deyir ki, qəza nəticəsində xəsarət alanlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri hamilə qadındır. Yaralılardan biri artıq evə buraxılıb. Onun vəziyyəti stabildir. Digər 6 sərnişinə isə yerində köməklik göstərilib.

Bundan başqa, 551 saylı avtobusla bağlı vəziyyət heç də xoşagələn deyil. Bu səbəbdən, həmin daşıyıcı şirkətin rəhbərliyinə 2 dəfə xəbərdarlıq edilib. Araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.

Daşıyıcı fiziki şəxs Nəcəfov Kənan Sabir oğludur. Sürücü isə Nəcəfov Elxan Nəcəf oğludur.

Ziya SƏCCAD
BAKU.WS