Azərbaycanda ayrı-ayrı şəxslərin radikal düşüncələri ola bilər. Amma Azərbaycanda kütləvi halda dini radikalizm yoxdur. Buna yalnız cəhdlər edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, dövlət dinlə mübarizə aparmır: "Azərbaycanda nə dövlət, nə də cəmiyyət dinə qarşı ola bilməz. Biz Azərbaycanda yalnız radikalizmə qarşı olmuşuq. Çünki radikalizm xalqımıza məxsus olan hal deyil. Tarixə də nəzər salsaq, görərik ki, azərbaycanlılar heç zaman dini müharibələrdə iştirak etməyiblər. Hətta Babəkin rəhbərliyi ilə aparılan Xürrəmilər hərəkatı da azadlıq uğrunda mübarizə olub. Sovet dövründə bunu bizə islam dininə qarşı aparılan mübarizə kimi təqdim ediblər. Azərbaycan xalqı heç zaman radikal olmayıb. Azərbaycanda dövlət tərəfindən dinə qarşı hər hansı basqının olmasından söhbət gedə bilməz. Dövlət orqanları tərəfindən radikalizmə qarşı mübarizə aparılır".

P.Cahangirov radikalizmə yoluxanların əsasən gənclər olduğunu da söyləyib: "Bu "yoluxucu" xəstəliyə qarşı ən yaxşı peyvənd təhsildir. Təhsil ən gözəl preventiv addımdır. Azərbaycanda dövlət öz risklərini məharətlə idarə edir".

BAKU.WS