VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün gözlənilmədən vəfat edən azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovla bağlı bəzi məlumatlar məlum olub.

MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov BAKU.WS-ə açıqlamasında bildirib ki, idmançı soyuqdəymədən vəfat edib.

“Soyuqdəymə olub, ona görə xəstələnib. Əvvəllər Xamis Məmmədov Sabirabadda məşq edirdi. Orada müəllim işləyirdi. Sonradan 2004-cü ildə Bakıya gəldi və bizimlə məşq etməyə başladı. Sonradan müxtəlif yarışlara çıxmışdı.

Sonrada bizim federasiyada yenidən müəllim kimi işləməyə başladı. Belə idmançılarımız çoxdur ki, yataqda yatır. Vaxtında onlarla maraqlanan olmur, öləndən sonra isə başlayırlar haqqında yazmağa.

Onları axtarmırlar. Ölməmişdən qabaq heç kim yazmır. Sabirabadda dəfn olunub. Hazırda mən də onun yas məclisinə gedirəm. Ata yurdunda dəfn edilib.

Mən Sabirabadda müəllimi olmuş Nazim Məlikovla danışdım. Deyirdi ki, Xamis Məmmədovla ünsiyyət saxlayırdı. Ona bərk soyuq dəydiyi deyilirdi. Xəstəxanada müalicə alırdı. Səsi də tutulmuşdu.

Çox yaxşı idmançı idi. Qeyri-adi döyüşçü idi, qorxaq deyildi. Özündən güclülərlə rinqə çıxmaqdan çəkinmirdi.

Onunla maraqlanan olmurdu. Özünə də baxan biri də deyildi. Yemək – içməyinə fikir vermirdi. Sətəlcəm olub. Heç kim bilmir ki, kimin başına nə gələcək”, - deyə Azad Əsgərov bildirib.

Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə bildirib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib.

Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub.

Qeyd edək ki, Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.


Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Bəzi mənbələrdə onun UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı döyüşçü olduğu yazılsa da, bu, həqiqəti əks etdirmir. Belə ki, Xamis 2011-ci ildə Həbiblə qarşılaşıb və gərgin keçən görüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Ziya SƏCCAD
BAKU.WS