SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclis deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası təsdiqləndi.

BAKU.WS xəbər verir ki, prezidentin imzası ilə qüvvəyə minmiş Milli Məclisin daxili nizamnaməsinə dəyişikliklərdəkiyeniliklərin birinə görə, fasilədən sonra Milli Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən deputat həmin iclasda iştirak etməmiş hesab edilir.

Dəyişikliyə əsasən, aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.

Başqa bir yeniliyə əsasən, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); səsvermə hüququnu şəxsən həyata keçirmədikdə; qanunla müəyyən edilmiş etik davranış qaydalarını (Deputata qadağalar qanunu) kobud surətdə pozduqda Milli Məclisin sədri həmin deputat haqqında məsələni intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı parlamentin iclasında mandatından imtina etdikdə və həmin imtina iclasın stenoqramına daxil edildikdə imtinasını geri götürə bilməz.

Milli Məclisin sədri əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. İclasda iştirak edən deputatlar yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Zülfiyyə Qurbanova
BAKU.WS