Bu gün paytaxtın valyutadəyişmə məntəqələrində yenidən qeyri-müəyyən vəziyyət yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, səhər saatlarında valyuta dəyişmə məntəqələrində dollar 1.599, hətta 1.60-dan satılıb. Günortadan sonra isə valyutadəyişmə məntəqələri dollar ehtiyatının tükəndiyini əsas gətirərək mübadiləni saxlayıblar. 
 
Qeyd edək ki, ötən həftənin bu günü də paytaxtın valyutadəyişmə məntəqələrində təxminən eyni vəziyət yaşanmaqdaydı. 1.07 və 1.075 məzənnə ilə dəyişdirilən dollar bir müddətdən sonra tükənmişdi. Bazar ertəsi günü isə dollar bahalaşmışdı. Bu gün də valyutadəyişmə məntəqələrində dolların tükənməsi əhalinin həyəcanlanmasına səbəb olub. İnsanlar manatın yenə xeyli ucuzlaşacağından qorxurlar. 
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Azad Əliyev
BAKU.WS