Bu gün Bakıda şiddətli küləkli hava olmasına baxmayaraq, hələ də tikinti və təmir gedən ərazilərdə, açıq havada fəhlələri işlədən şirkətlər var.

BAKU.WS xəbər verir ki, “Xətai” metrosunun təmiri bu təhlükəli havada da davam etdirilir. Bununla bağlı hadisə şahidləri redaksiyanın “qaynar xətti”nə məlumat veriblər və video görüntü göndəriblər.


Videodan da göründüyü kimi həqiqətən də, fəhlələr təmir işlərini açıq havada və dəmir konstruksiyanın üstündə işləyirlər. Beləliklə də, tikintini aparan qurum işçilərin həyatını təhlükəyə atır.

Halbuki, ötən gün bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətlərə ciddi xəbərdarlıq etmişdi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov BAKU.WS-ə açıqlamasında bildirmişdi ki, şirkətlər bu məsələyə çox ciddi yanaşmalıdırlar.

“İşçilərin sağlamlığı qorunmalıdır. Bu faktla bağlı Dövlət Əmək Müfəttişliyinə məlumat daxil olan kimi faktla bağlı ciddi tədbir görüləcək”, - deyə Fazil Talıbov bildirib.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, fəhlələr əlavə tədbirlər məqsədilə bərkitmə işləri aparıblar.

“Dünən bərkitmə işləri aparıblar. Bu gün də əlavə olaraq bərkitmə işləri aparıblar ki, dağıntı olub, ətrafa ziyan verməsin. Qısa müddətdə əlavə bərkitmə işləri görüblər. Metal konstruksiyanı bərkidiblər ki, aşma baş verməsin”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Cavid Babayev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ