SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib - həmin o dağılmış binalar, eybəcər budkalar.


Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq".

BAKU.WS AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


“Bizim tarixi kəndlərimiz var. Onlardan biri Lahıc kəndidir. Bildiyiniz kimi, Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz, Bakıdan gələndə daha qısa yeni yol çəkildi, qaz çəkildi, yeni məktəb tikildi. Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və əlbəttə ki, həm turistləri cəlb edir, həm də Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə qədər qədim və zəngin dövlət olduğunu göstərir. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək”, - deyə Dövlət başçısı qeyd edib.


BAKU.WS