SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Əhalinin ödənişləri ilə bağlı Qazaxıstan və Rusiya modelinin tətbiqinin tərəfdarıyıq. Əgər ilin əvvəlində 10 min dollar kredit götürən vətəndaşın borcu manatla ifadəsi 7800 AZN-ə bərabər idisə, hazırda bu məbləğ 15 mindən artıqdır. Bu o deməkdir ki, yalnız əsas məbləğ son bir ildə 2 dəfəyə yaxın artıb. Bunun üzərinə də bankların faizi əlavə etsək məbləğ kifayət qədər artır. Məhz buna görə də dollarla kredit götürən vətəndaşlar borclarını ödəməkdə çətinliklə qarşılaşırlar. Dövlətin və Azərbaycan Mərkəzi Bankının (AMB) bu vəziyyətə müdaxilə etməsinə ehtiyac var".
 
Bunu BAKU.WS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. İqtisadçı-alim bildirir ki, AMB Qazaxıstanda olduğu kimi xərclərin bir hissəsini kompensasiya etməlidir. Mütəxəssisin fikrincə, sözügedən xərclər hesablanmalı və AMB tərəfindən banklara ödənilməlidir. İqtisadçı hesab edir ki, bu, dollarla kredit götürənlərin xərclərinin kəskin artmasının qarşısını alacaq. Vüqar Bayramov Rusiya modelindən də istifadə etməyin mümkün olduğunu söyləyib:
 
"Belə ki, dövlət tərəfindən banklara ucuz maliyyə vəsaiti cəlb oluna bilər. Bununla yanaşı, əhaliyə ödənişlərinin uzun müddətdə ödənilməsi üçün imkan yaratmaq olar. Vətəndaş maliyyə imkanları yaxşılaşdıqdan sonra borcunu hissə-hissə banka geri ödəyər. Həmin müddət ərzində AMB banklara müəyyən kreditlər və yardımlar edərək vəziyyəti nəzarətdə saxlaya bilər. AMB banklara mərkəzləşdirilmiş ucuz faizli və uzunmüddətli kreditlər verməlidir. Əks halda nisbətən zəif bankların müflisləşməsi qaçılmaz olacaq. Çünki manatın bahalaşmasından sonra ölkədə fəaliyyət göstərən həssas bankların vəziyyəti pisləşib. Devalvasiyanın ən ciddi təsir etdiyi sektorlardan biri şübhəsiz bank sektorudur. Bankların xaricdən cəlb etdiyi vəsaitlərin bir qismi dollarladır. Bu öhdəlikləri olduğu üçün manatın dəyərsizləşməsi bankların öhdəliklərini yerinə yetirməkdə çətinlik yaradır". 
 
Əhalinin banklarda olan əmanətləri ilə bağlı danışan mütəxəssis bu sahədə daha ciddi problemlərin mövcud olduğunu vurğulayıb. V.Bayramov qeyd edir ki, əhalinin banklarda 7 milyarddan çox əmanəti var və bu vəsaitin 1,4 milyardı manatla saxlanılır: "Həmin vəsait 21 dekabr devalvasiyasından sonra 50% dəyər itirib. Bu vəsaitin Mərkəzi Bank tərəfindən kompensasiya edilməsinə ehtiyac var. Əmanətlərin indeksasiyası tətbiq edilməlidir. Bu imkan verəcək ki, əmanətlər devalvasiyanın fəsadlarından qorunsun. AMB yaranmış fərqi indeksasiya edərsə əhalinin manata olan inamı da artacaq və bankların manatla vəsait cəlb etməsinə şərait yaranacaq".

İqtisadçı problemli kreditlərlə bağlı güzəştlərin vacibliyini vurğulayaraq bildirir ki, banklar ödənilməyən kreditlərə özləri baxmalıdır: "Kreditlərin strukturana baxdıqdan sonra müəyyən kreditlərin bağışlanmasına ehtiyyac var. Dövlət ödənilməyən kreditlərin müddətini artırmaq üçün banklara kompensasiya ödənişi həyata keçirməlidir. Beləliklə də, həmin kreditlərin faiz dərəcələrini də azaltmaq mümkün olacaq".
 
Şahin Həbibov
BAKU.WS