VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Məclisinin (MM) dünən keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.


BAKU.WS xəbər verir ki, qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.


Ümumi təhsil müəissələrində ödənişli təhsil xidmətləri ictimaiyyət tərəfindən birmənalı qaşılanmayıb. Bəzi insanlar dövlət məktəblərində ödənişli təhsil kimi anlayıb.


Təhsil eksperti Kamran Əsədov yeni qanun layihəsinin müzakirəyə səbəb olan ödənişli təhsil xidmətləri ilə bağlı bölümünü BAKU.WS-ə şərh edib:


"O qanun layihəsinin hazılanmasında mən iştirak etmişəm. Repetitorluğun qanuniləşdirilməsi 2009-cu ilin qanun layihəsində də var idi. Bu dəfəki qanun layihəsində isə məktəblərdə ingilis, fransız, rus dili müəllimləri tərcümə xidmətləri göstərə biləcəklər. Eləcə də, müəllimlərin uşaqları olimpiadalara hazırlaşdırması, müəyyən layihələrin həyata keçirilməsi və sairə, bünların hamısı ödənişli olacaq.


Onsuz da, bu gün məktəblərin özünün büdcəsi yoxdur. Lap olsun repetitor xidməti, bu gün hər müəllim məktəbdə bununla məşğul olur və hər ay direktora 50-100 manat verib öz aralarında razılaşırlar. Yəni bu pul indiyədək direktorun cibinə gedirdisə, bundan sonra həm məktəbin büdcəsinə gedəcək, həm də vergi ödəyəcək. Bundan sonra müəllim direktorla müqavilə bağlayıb otaq icarəyə otaq götürəcək və hər ay müəyyən məbləğ ödəyəcək.


Yəni, indiyədək qeyri-şəffaf olan proses bu qanun layihəsinin qəbul olunması ilə şəffaf olacaq.


Digər məsələlər də var, ödənişli təhsil xidmətləri dedikdə, məktəbin nəzdində rəqs, rəsm, musiqi dərsləri, özfəaliyyət qrupları, şahmat, kompyüter dərsləri kimi ödənişli kurslar təşkil ediləcək. Onsuz da valideynlər öz uşaqlarını başqa yerlərdə belə bir ödənişli kurslara aparırdılar. Bu qanun əvvəl də vardır, sadəcə bu barədə geniş açıqlama verilməmişdir.


Ekspert yeni qanunun məktəblərə müsbət təsir göstərəcəyini deyir: "Bu çox yaxşı bir şeydir. Məktəblərin öz maliyyə büdcələri olmadığından maddi cəhətdən Təhsil Nazirliyindən asılı idilər. Məsələn, bir yarış və ya layihə həyata keçirmək üçün nazirliyə müraciət edirdilər, aylarla cavab gösləyirlər. Öz büdcələri olsa, bu layihələri asanlıqla həyata keçirəcəklər. Məktəblərə bu hüquqlar veriləcək. Təhsil pullu olmayacaq, əlavə dərslər ödənişli olacaq. Təhsil xidmətləri deyəndə, daha bir çox xidmətlər var. Məsələn, burada tərbiyəçi, dayə xidmətini də qeyd etmək lazımdır".


K.Əsədov sözügedən qanunun məktəb direktorları tərəfindən uğursuzluğa düçar olacağını da istisna etmir: "Qanun əladır, sadəcə bu qanunu həyata keçirəcək normal direktorlarımız yoxdur. Bu söz 4500 direktorun hamısına aiddir. Bunlar Allahın jurnalını yaza bilmir. Əldə olunacaq maliyyənin şəffalığı, dövriyyəsi üçün kadrlarımız yoxdur. Çünki onların mühasibatlıq və menecerlik qabiliyyətləri sıfıra bərabərdir. Bakıdakı məktəblərin bütün jurnallarında səhvlər vardır və hamısına xəbərdarlıq edildi.


Bu direktorlar bilirsiz bu qanunun başına nə oyunlar açacaqlar?! Müəllimə deyəcəklər ki, vergiyə 100 manat verməkdənsə, gətir mənə 50 manat ver, məsələ həll olunsun. Qanunlara düzgün riayyət etmək üçün beyinlər düzəlməlidir".


Təəssüflər olsun ki, Təhsil Nazirliyi yeni qəbul olunmuş qanun layihəsini şərh etməkdən yayındı.


Züfiyyə Qurbanova
BAKU.WS