VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.


Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.


Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.


Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.


Qanun layihəsində bildirlib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.


Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.


"Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.


Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.


Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.


Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


BAKU.WS