SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi.


BAKU.WS xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə, bu qələbə gələcəkdə Paşinyan və komandası üçün bir sıra çətinliklər yaradacaq.


“Nikol Paşinyanın bloku qalib gəldi. Ancaq Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir.



Bundan sonra deyərdim ki, Ermənistanı çox qarışıq günlər gözləyir. Paşinyan artıq çox güclü bir müxalifətlə mübarizə aparmağa məcburdur.


Daha bir problem isə Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma deyərdim ki, bu da müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya olduğunu anlayacaq.


İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz. Bunu hazırki baş nazir də yaxşı bilir”, - deyə Elxan Şahinoğlu bildirib.


Ekspert deyir ki, Ermənistan Rusiya boyunduruğunda olsa belə, Paşinyan Qərbə meyilli şəxsdir:


“Paşinyan onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq. Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir.


Paşinyan artıq hakimiyyətə gəlmək əhaliyə söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir. Ancaq Ermənistanın hazır ki, dövlət büdcəsini nəzərə alsaq bu mümkün deyil.


Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir.


Müşahidələr isə göstərir ki, hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək”.



E.Şahinoğlunun fikrincə, başqa bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və Qarabağ probleminə yanaşmasıdır:


“Bu günə qədər Paşinyan əsirləri dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi. İndi isə vəziyyət fərqlidir.


Artıq əsirləri qaytara bilər. Çünki Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə Paşinyanın müsbət yanaşması ütopik bir xəyal kimi görünür”.


Ekspertin fikrincə, Ermənilərin Qarabağı qaytarmamaq üçün bir neçə əsaslı səbəbləri var:


“1. Rusiya faktıdır. Rəsmi Moskva İrəvana Qarabağın qaytarılması üçün icazə verməlidir.


2. Qarabağ erməniləri. Onsuz da ölkədə parçalanma var. Paşinyan sülh danışıqları başladığı halda Qarabağ erməniləri ilə vəziyyətin daha da gərginləşəcəyini, hətta silahlı üsyanların baş verə biləcəyini nəzərə alaraq danışıqlardan yayınacaq.


3. Qarabağın təbii sərvətləri. Paşinyana bundan sonra daha çox pul lazım olacaq. Təkcə Kəlbəcərdəki qızıl yataqları Ermənistanın dövlət büdcəsinə milyonlarla dollar pul qazandırır. Paşinyan bu puldan imtina edə bilməz. Qarabağ probleminin həlli üçün isə Azərbaycana güc yolundan başqa yol qalmır. Cəbhədə yaxın günlərdə gərginlik dəfələrlə artacaq. Və müharibə ehtimalı çox yüksəkdir”.


Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanıb. Nəticələrə görə, Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku səslərin 70,43%-ni, yəni 884456 seçicinin etimadını qazanıb.


Ziya SƏCCAD
BAKU.WS